14 Fevral 2023 18:29
2 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı missiyası artıq Ermənistan ərazisinə göndərilir. Bu missiya Azərbaycan-Ermənistan şərti sərhəd xəttində monitorinq aparacaq. Belə olduğu halda hərbi əməliyyatların aparılması riski aşağı düşmüş olur. Amma hələ də Qarabağ ərazisində qalan qanunsuz erməni hərbi birləşmələrinin birdəfəlik çıxarılması istiqamətində ciddi addımlar atıla bilər.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, bu gün İrəvanın dəstəyi ilə Qarabağda qanunsuz olaraq öz mövcudluğunu saxlamağa çalışan hərbi kontingent var: “Təbii ki, Azərbaycan tərəfi bu qanunsuz silahlıları oradan birdəfəlik yox edəcək. Bunun hansı üsulla ediləcəyi isə hələlik məlum deyil. Sözsüz ki, bunun müxtəlif üsulları var. Bunlardan biri təchizat yolunun kəsilməsi və maliyyə dəstəyinin bağlanmasıdır. Daha sora isə orada olan hərbi kontingentin hərəkət marşrutunun məhdudlaşması ilə bağlı ola bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Laçın yolunda Azərbaycanın mümkün inzibati nəzarəti bundan sonra getdikcə güclənəcək”.

Politoloqa görə, bu zəruri tədbirlərdən sonra oradakı qanunsuz birləşmələr arasında qarşıdurma və qiyamın olması da qaçılmazdır: “Çünki tarixdə bu cür hadisələrə çox rast gəlinib. Əsas məsələ odur ki, Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni hərbi birləşmələrinə son qoyulmalıdır”.

Zərdüşt Əlizadə Ruben Vardanyanın qanunsuz olaraq Xankəndiyə gedib-gəlməsi ilə özünə hansısa imtiyazlar əldə etməsi məsələsinə də aydınlıq gətirib: “Vardanyanın bu məsələlərdə zərrə qədər də şansı yoxdur. Çünki Azərbaycan ona önəm vermir. Belə olduğu halda o, heç kimdir. Xankəndidə Vardanyan Araik Arutunyanla səhərdən axşamacan istədiyi mövzuda danışa, nərd, şahmat da oynaya bilər. Amma o, siyasətdə heç kəsdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər