Bu gün faktiki olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşmiş rus sülhməramlıları öz vəzifələrini icra edə bilmir. Rusiya Müdafiə Nazirliyinin son bəyanatı da göstərir ki, onların separatçılara yanaşması fərqlidir. Çünki Qarabağda hansısa bir rejimin silahlı dəstələrinin olmasını demək bu tamam başqa mətləblərdən xəbər verir.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O qeyd edib ki, Azərbaycan konkret olaraq Xankəndidə xüsusi əməliyyatlara başlamalıdır:
“Dövlətimiz Xankəndiyə girib orada öz bayrağını dalğalandırmalıdır. Bununla da orada olan separatçı rejimə son qoyulmalıdır. Həmçinin orada Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilər bir günün içərisində ərazidən çıxarılmalıdır. Bunun ayrı bir yolu yoxdur. Yoxsa, bu proses uzandıqca, Rusiya orada özü üçün müəyyən əsaslar yaratmağa çalışacaq”.
Sərdar Cəlaloğlu hesab edir ki, Laçın-Xankəndi yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratmalıdır:
“Orada postun qurulması vacidbir. Azərbaycan Konstitusiyası bunu tələb edir. Üçtərəfli bəyanat Azərbaycan Konstitusiyasından üstün ola bilməz. Ölkəmiz Konstitusiyanı əsas götürüb öz sərhədlərində dövlət orqanlarının fəaliyyətini bərpa etməlidir. Bununla da həmin yollarda və nəzarət-buraxılış məntəqələrində Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin və Gömrük Komitəsinin postları yaradılmalıdır”.
Partiya sədrinə görə, burada kimlərsə, üçtərəfli bəyanatı buna zidd hesab edirsə, yanılır:
“Azərbaycan ərazisində əsas qanun ölkə Konstitusiyasıdır. Bu da beynəlxalq hüquqa tam uyğundur. Ona görə də, Azərbaycan burada kimlərinsə nazı ilə çox da oynamamalıdır. Eyni zamanda bu məsələlərdə Ermənistandan kənarda sülhdən danışan Nikol Paşinyanın da açıqlamalarına səmimi yanaşmaq olmaz. Onlar bu yolla fənd işlədirlər. Sülh deyib, qapı arxasında isə separatçılara dəstək verirlər. Çalışırlar ki, burada məsələləri iki müstəvidə həll etsinlər. Beynəlxalq ictimaiyyəti də çaşdıran amil məhz budur”.