10 Mart 2023 09:05
2 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Gürcüstanda nə baş verir: “Xarici agentlər haqqında” qanun layihəsi niyə belə etiraz yaratdı? Sizcə, proses hara qədər gedəcək?

- Əslində, əvvəllər Gürcüstan cəmiyyətində bu haqda müzakirələr olmuşdu. Hakim “Gürcü Arzusu” Partiyası qanunu parlamentdə təqdim etmişdi, heç səsverməyə də çıxarılmamışdı. Qanunun mahiyyəti bundan ibarətdir ki, hansısa KİV, QHT, partiya və yaxud vətəndaş cəmiyyəti elementləri 20 faizdən çox xaricdən maliyyələşirlərsə, onlar hesabatlarında öz maliyyə mənbələrini açıq göstərməlidirlər. İki məsələyə görə etiraz yarandı. Birincisi, həmin təşkilatlar onsuz da vergi hesabatları verirdilər. Yəni mənbələr və məbləğlər məlum idi, Gürcüstan bankları da həmin məbləğləri və mənbələri görürdülər. İndi bu məsələnin gündəmə gəlməsi etirazla qarşılandı. İkinci etiraza səbəb olan məsələ budur ki, eyni adlı və eyni mahiyyətli qanun bu yaxınlarda Rusiyada da qəbul olunub. Bu da müxalifət güclərinə imkan verdi ki, hakimiyyət əleyhinə etirazlara və kampaniyalara başlasınlar. Ki, bu, Rusiyadan gəlmiş sifarişdir. Bu da əsasən gənc çevrələrin etirazına səbəb oldu.

Paytaxt Tiflisdə etirazların genişlənməsindən sonra “Gürcü Arzusu” qanun layihəsini geri çəkdiyini açıqladı.

- Rusiyalı ekspertlərə görə, baş verənlər Gürcüstan hökumətinin Moskvaya meyllənməsi ilə əlaqəlidir. Bəs bu iddia nə qədər məntiqlidir?

- Bu söhbət Bidzina İavanişvili və ya “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra ciddi formada yayıldı. Amma məsələyə digər yandan da baxmaq lazımdır. Hələ də Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər, birbaşa uçuşlar yoxdur. Gürcüstan Avropa Birliyi ilə ən yüksək səviyyədə sazişi, vizasız gediş-gəliş haqda sənəd imzalayan postsovet ölkələrindən biridir. Bundan başqa, Gürcüstan Ukraynaya beynəlxalq yardım koalisiyasında (Ramştayn) rəsmən iştirak edir. Bu anlamda Gürcüstanın tamamilə Qərbdən imtina etdiyini, Rusiyaya yönəlik siyasət yürütdüyünü demək doğru deyil.

Gürcüstan çox kiçik ölkədir və zaman-zaman problemləri üzə çıxır. Məsələn, Rusiya hərbi qüvvələri 2008-ci ildə tanklarla Tiflisin 26 kilometrliyinə qədər gəlmişdilər, az qala paytaxtı işğal edəcəkdilər. Digər yandan, Gürcüstanın xarici iqtisadi-ticari əlaqələrində Rusiyanın böyük önəmi var. Üstəgəl, Ukraynaya qarşı müharibənin başlamasından sonra Rusiyadan 200 mindən çox insan Gürcüstana üz tutdu. Ümumilikdə, bu dövrdə Rusiyadan Gürcüstana 4 milyard dollara yaxın pul daxil olub.

Gürcüstanın ixracatının az qala 30 faizi Rusiya ilə bağlıdır. Hətta bəzi məhsulların 90-95 faizi Rusiyaya ixrac edilir. Ticarət dövriyyəsində də Rusiyanın kifayət qədər payı var. “Gürcü Arzusu” bu anlamda da Rusiya ilə iplərin tamamilə qoparılmasında maraqlı deyil. Çünki bu halda Gürcüstanı iqtisadi cəhətdən ayaqda saxlamaq daha çətin olacaq. Bəli, bütün bu komponentləri nəzərə aldıqda, Gürcüstan hökuməti Rusiyaya qarşı daha çəkingən davranır, sözdə də olsa, müəyyən maraqlarını yerinə yetirməyə çalışır, müəyyən addımlar atır. Amma faktiki olaraq, Qərbə inteqrasiya “Gürcü Arzusu”nun da proqramında və parlamentin qərarlarında da yer alıb. Yəni məsələ birmənalı deyil.

- Ötən günlərdə Rusiya sülhməramlılarının müşayiəti ilə Ermənistandan Qarabağa qanunsuz silah-sursatın daşınmasının görüntüsü yayıldı. Bu da o deməkdir ki, Rusiya separatçıları qorumağa çalışır. Maraqlıdır ki, Rusiya niyə indiyədək separatizmə verdiyi qapalı dəstəyi açıq formada nümayiş etdirmək qərarına gəlib?

- Açıq yox, həyasızcasına göstərir. Çünki öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. İki ildən çoxdur ki, müharibə Azərbaycanın qələbəsi ilə bitib, amma Xankəndi və ətrafında yerləşmiş qondarma rejim və onun qanunsuz silahlı-terrorçu dəstələri hələ də qalır. Onların ayaqda qalması üçün çalışan məhz Rusiyadır. Rusiya istəsəydi, qondarma qurum ləğv edilərdi və dəstələrindən silahları alınardı. Amma Rusiyanın məqsədi budur ki, özü də bölgədə qalmaqla Qarabağ məsələsinin həllini saxlasın, bununla həm Azərbaycanla Ermənistan arasındakı gərginliyi qorusun, həm də Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasını əngəlləsin. Rusiya daimi gərginlik yaratmaq istəyir. Onun fikrincə, daimi gərginlik olacaqsa, Rusiyaya da ehtiyac yaranacaq, hər iki tərəfə təzyiq imkanları olacaq.

Rusiyanın atdığı addımlar kifayət qədər açıqdır. Demək olar ki, artıq niyyətlərini gizlətmirlər. Azərbaycanın rəsmi qurumları da Rusiyanın 10 noyabr sazişinə əməl etmədiyini açıq formada bildirirlər.

- Rusiyanın pozucu fəaliyyəti qarşısında Avropa Birliyinin vasitəçiliyi daha məqbul görünür. Hətta bu günlərdə ortada Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşünün keçiriləcəyinə dair bir məlumat da dolaşır. Brüssel prosesinin yenidən aktivləşdirilməsindən gözləntiniz necədir?

- Bu iki məsələni bir-birindən mütləq ayırmaq lazımdır. Söhbət ondan gedir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması kimi məsələlər iki dövlət arasında həll edilir. Brüssel formatı da burada uğurlu ola bilər. Zaman-zaman da bunun uğurlu olduğunu görmüşük və Rusiya da bunu qısqanıb. Nəticədə vəziyyəti yendən sıfır nöqtəsinə çəkməyə çalışıb ki, təşəbbüsü əlindən verməsin. Amma Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası məsələsi, bizim daxili işimizdir. Təəssüf ki, inteqrasiyanın qarşısındakı ən böyük maneə Rusiyanın özüdür.

Rusiya bilir ki, bölgədə sülh olsa və ermənilərin inteqrasiyası başlasa, bu zaman onun regiondakı varlığı sual altında qalacaq. Ona görə də iki ayrı xətt üzrə bu məsələlərin həllinə nail olmaq lazımdır: Ermənistanla ikitərəfli münasibətlər və erməni icması ilə başlayan dialoqun davam etdirilməsi kontekstində.

- Bəs Ermənistan rəhbərliyinin mövqeyindən gözləntiniz necədir? Ermənistan baş naziri, spikeri və digər rəsmilərinin Qarabağ məsələsi və sülh müqaviləsi ilə bağlı son açıqlamalarında kifayət qədər müsbət məqamlar var.

- Burada iki faktor çox aydın şəkildə görünür. Paşinyan və komandası Qarabağ yükünü Ermənistanın çiynindən atmağa çalışır. Amma bu o demək deyil ki, Azərbaycanın haqlı və hüquqi istəkləri ilə razılaşmaq istəyir. Belə deyil. Paşinyan istəyir ki, bu, Azərbaycan və Rusiya arasındakı problemə çevrilsin, Ermənistan bu yükün altından çıxsın. Düşünür ki, bu durumda ona “kökə” qismət olacaq. “Kökə” də ondan ibarətdir ki, Avropa Birliyi sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan və Ermənistana 4.6-4.7 milyard avroluq bir yardım paketi elan edib. 2.4 milyardı Ermənistan, 2.2 milyardı da Azərbaycan üçün nəzərdə tutulub. Bu, Ermənistan üçün böyük puldur, amma Azərbaycanın imkanlarını nəzərə aldıqda bizim üçün həlledici vəsait deyil. Ermənistan üçün həddinən artıq böyük, hətta illik dövlət büdcəsinə yaxın bir vəsaitdir.

Xankəndi məsələsini bir kənara qoyub, sülh müqaviləsinin detalları ilə bağlı razılaşma əldə ediləndə Ermənistanla Avropa Birliyi arasında yeni səhifə açılacaq. Bu, Avropadan Ermənistana investisiyaların yolunu aça bilər. Bu baxımdan, Ermənistanın Qarabağ məsələsindən kənara çəkilməsi trendi, istəyi var. Amma dediyim kimi, bunu Azərbaycanın haqlı tələbləri ilə razılaşdığı üçün etmir, Azərbaycanla münasibətlərin tənzimlənməsində irəliləyişə nail olmaq istəyir, amma Qarabağ yükünün Moskvanın boynunda qalmasını və Rusiya-Azərbaycan münasibətlərindəki problemlərin daha da dərinləşməsini istəyir. İndi Ermənistanın strategiyası bundan ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər