14 Mart 2023 17:45
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zaur müəllim, Azərbaycanın Qarabağ erməni icmasının reinteqrasiyası ilə bağlı konkret mövqe sərgiləyir. Bunun fonunda separatçılar mümkün inteqrasiyaya qarşı çıxır. Belə olan halda hansı təsirli addımlar atıla bilər?

- Qarabağda yaşayan erməni icmasının Azərbaycana inteqrasiyası labüddür. Onlar bunu nə qədər tez başa düşsələr daha yaxşı olardı. Azərbaycan öz ərazisində olan bütün etnik qruplara hər zaman tolerant münasibət bəsləyib. Ölkəmizdə bütün etnik qruplar bərabərhüquqlu şəkildə digər vətəndaşlar kimi vahid qanunlara tabe olub. Amma bunun fonunda hansısa separatizm baş qaldırarsa, bu sözsüz ki, Azərbaycanın daha qəti addımlar atmasına gətirib çıxaracaq. Bu Qarabağda hələ də mövcudluğunu saxlamağa çalışan erməni icmasına, onları separatizmə sürükləyən ünsürlərə də aiddir.

- Azərbaycanın təklif etdiyi dialoq hansı şərtlərə əsaslanır?

- Qarabağda yaşayan erməni icmasının qarşısında iki seçim var. Onlar ya Azərbaycana inteqrasiya olunacaqlar, ya da yeni anti-terror əməliyyatı labüd olacaq. Bu baxımdan da Qarabağda separatçıların qondarma rəhbəri Araik Arutunyan oradakı ictimaiyyətə açıq şəkildə deyib ki, onların qarşısında Azərbaycan tərəfindən rəsmən iki seçim imkanı qoyulub. Amma bu seçim də oradakı erməni icmasının üzərinə düşür. Məhz dolayısı ilə indi Qarabağda yaşayan erməni icmasına deyilir ki, Azərbaycana inteqrasiya olunmağın tərəfdarısınıza tam şəkildə seçiminizi edin.

- Əsas kommunikasiya yolunu nədə görürsünüz?

- Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin bir hissəsi Azərbaycana inteqrasiya olmaq istəyir. Digər qrup isə inteqrasiyanın tərəfdarı deyil. Əslində bu gözləniləndir. Burada hər kəsin öz fikri var. Eyni zamanda burada olan ermənilərin bəziləri kənar qruplara meyl edirlər və onlardan tapşırıqlar alırlar. Qısa zamanda bu hallara son qoymaq təbii ki, mümkün olacaq. Azərbaycan onlara çox da uzun müddət səbrlə yanaşmaq niyyətində deyil. Çünki artıq Qarabağda yaşayan erməni icması öz seçimlərini edib. Azərbaycan dövləti tərəfindən Qarabağda yaşayan erməni icması ilə artıq iki görüş baş tutub. Amma hələlik üçüncü görüşdən separatçılar imtina edib. Bu yanaşmalar uzun müddətli olacaqsa, ona qarşı ciddi şəkildə tədbir görüləcək.

- Mümkün antiterror əməliyyatları nə dərəcədə labüddür?

- Araik indi daha məsuliyyətli olmalıdır. Çünki o, Qarabağda hələ də qalmaqda olan separatizmi təmsil edir. Anlamalıdırlar ki, Ermənistanla Qarabağ kommunikasiya mövcudluğunu davam etdirəcəksə bu, Azərbaycan Ordusunun həmin əraziyə daxil olub təmizləmə əməliyyatı həyata keçirməsi ilə nəticələnəcək.

- Azərbaycanın Qarabağda mümkün reinteqrasiya prosesini kiminlə müzakirə etməsi ilə bağlı da suallar ünvanlanır. Bunlar nə dərəcədə ciddi yanaşmalardır?

- Azərbaycan sözsüz ki, bu inteqrasiya məsələsini kiminlə müzakirə etmək lazım olduğunu bilir. Nikol Paşinyanın isə istəyi odur ki, Qarabağa beynəlxalq qüvvələr cəlb edilsin. Burada beləliklə rus sülhməramlılarının çıxarılmasına nail olunsun. Bununla da Qərb dövlətlərinin missiyasının Qərbi Zəngəzurdan sonra Qarabağda olması niyyəti açıq görünür. Amma bu həddən artıq təhlükəli bir yanaşmadır. Çünki buradakı proseslərin Kosova variantına çevrilmə riskini artırır. Yaxşı olardı ki, Azərbaycan ikitərəfli qaydada yerli icma ilə danışıqlarını davam etdirsin.

- Rusiyanın bu prosesə baxışı necə olacaq?

- Digər tərəfdən buradakı Azərbaycan-Rusiya münasibətlərinin də xarakteri mühüm önəm kəsb edir. Azərbaycan-Rusiya birgə dialoqu indiyə kimi bir çox məsələləri həll etdiyi üçün indiki məqamda bu münasibətlər fonunda Qarabağda da fəaliyyəti bərpa etməyə yönələcək. Rusiya tərəfi də yaxşı olardı ki, daha uzun zaman kəsiyində Qarabağı əldə saxlamaqla bağlı mövqeyinə baxmalı olsun. Çünki indi bu cür amillərlə bölgəyə təsir etmək mümkün olmayacaq. Ola bilsin ki, müəyyən müddət ərzində bu mümkün idi. Amma indi dəyişən trendlərin şahidi oluruq. Onların istəyib-istəməməsindən asılı olmayaraq Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər