Ötən gün Azərbaycan Ermənistan sərhədində növbəti hərbi qarşıdurma baş verdi. Bu, erməni tərəfinin açıq təxribatı ilə oldu. Amma bu təxribatın Rusiya tərəfinin diqtəsi ilə baş verməsi heç kəsdə şübhə doğurmur.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O hesab edir ki, Ermənistanın qeyri-konstuktiv, barışmaz münasibəti Rusiyanın mövqeyi ilə izah olunur:
“Digər tərəfdən də Qərbin də burada olan məsələlərə yanaşması prosesin məhz indiki səviyyədə qalmasına səbəb olur. Amma bütün bunların fonunda prosesdə Ermənistanın davranışları sırf Rusiyanın istəyi ilə bağlıdır”.
Politoloq ötən gün baş verən təxribatda İranın nə dərəcədə rolunun olması məsələsinə də aydınlıq gətirib:
“Görünən odur ki, İran Azərbaycanla barışmağa başlayıb. Ona görə də, İran tərəfinin burada mövqeyi ancaq yardımçı rol oynaya bilər. Çünki burada əsas rol Rusiyaya məxsusdur”.
Zərdüşt Əlizadəyə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı məlumatların yayıldığı ərəfədə belə bir təxribat baş verməsi heç də təsadüfi deyil:
“Məhz bu görüşün baş tutmaması üçün Rusiya tərəfindən sərhəddə belə bir təxribat törədilib. Çünki Rusiyanın Ermənistan ordusunda və dövlət aparatında geniş təsir imkanlarına malik adamları var. Ona görə də belə təxribatlar bundan sonra da davam edəcək. Ermənistanın müqavimət imkanları tükənənə qədər bu hadisələr yaşanacaq. Bundan sonra erməni tərəfinin ağlı başına gələcək və nəhayət konstruktiv mövqe tutacaq”.