Madrid prinsipləri və digər sənədlər o vəziyyətdə qəbul edilmişdi ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal faktı var idi. Amma ermənilər dinc yollarla Azərbaycan ərazilərindən çıxmaq niyyətində deyildi. Artıq hərbi əməliyyatlar yolu ilə problem həll edilib. Beləliklə dinc yolla problemin həllinə dair irəli sürülmüş təklif və yaxud beynəlxalq qərar və qətnamələr də öz qüvvəsini itirib. Çünki Azərbaycan müharibə yolu ilə öz hüquqlarını və ərazi bütövlüyünü təmin edib.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun fikrincə, artıq erməni tərəfi başa düşməlidir ki, yeni situasiya yaranıb:
“Azərbaycan Ordusu Qarabağla bağlı yeni bir situasiya yaradıb. Bu şəraitdə də yeni prinsiplər müəyyən olunub. İndiki halda isə Azərbaycan erməni tərəfinə sülh təklif edir. Amma indiki halda erməni tərəfi yenə də sülhdən yayınmaq üçün müxtəlif bəhanələrlə çıxış edir”.
Partiya sədrinə görə, Madrid prinsipləri, Lissabon sammitindəki qərarlar, Almatı sənədləri Azərbaycan əraziləri işğalda olduğu dövrdə qəbul edilib:
“ATƏT-in Minsk Qrupu da məhz işğal faktına görə yaradılmışdı. Eyni zamanda bütün beynəlxalq səylər Qarabağın dinc yolla Azərbaycana qaytarılmasını tələb edirdi. Amma Ermənistan heç bir beynəlxalq sənədə hörmət etmədi. Azərbaycan hərbi yolla əl atdıqdan sonra məsələnin dinc yolla həllinə dair qəbul edilmiş bütün sənədlər də qüvvəsini itirmiş oldu”.