Aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı keçirilib. Bu, Ermənistanda hələ də türklərə nifrət edildiyini, onların terror ab-havasından qurtula bilmədiklərini göstərir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, “Nemezis” terror əməliyyatı türklərə qarşı yaradılmış bir hərəkatdır.
“Xatırladım ki, Daşnaksütyun partiyası ötən əsrin əvvəllərində qədim yunan intiqam ilahəsi “Nemezidanın” adını həyata keçirdikləri terror hərəkatına vermişdilər. Onlar qondarma erməni soyqırımı və guya Bakıda 1918-ci ildə “öldürülən” ermənilərin qisasını almaq üçün bu hərəkatı yaratmışdılar. Qısa müddət ərzində çoxlu sayda Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri qətlə yetirdilər. 1920-1922-ci illərdə ermənilər Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəylinin həyatına son qoydular. Bir faktı qeyd edim. Fətəli Xan Xoyskinin qatili ilə Osmanlının kəşfiyyat və xüsusi xidmət orqanının məşhur simalarından olan Bahəddin Şakirin qatili eyni adam - Aram Yerqanyan olub. O, terror törədəndən sonra Avropada sərbəst gəzib. Tələt Paşanın qatili Soqomon Teyliryan isə Almaniya məhkəməsi tərəfindən azadlığa buraxıldı. Yəni Qərbdə erməni terrorçularının sərbəst gəzmələrinə nəinki şərait yaradılıb, hətta onlara müəyyən dəstəklər də olunub”.
R.Alıyev onu da qeyd etdi ki, 1973-1991-ci illərdə xaricdəki türk diplomatlarına qarşı 239 terror hücumu həyata keçirilib: “31 türk diplomatı da daxil olmaqla, 71 günahsız insan öldürülüb, 520 nəfər ağır yaralanıb. 1980-ci illərin sonundan etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terror aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb. Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi tarixi faktlardır”.
Politoloq bildirdi ki, Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyan, nasizmə xidmət etmiş, SS generalı Njde Qaregin, “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın Ermənistanda qəhrəman hesab edilir: “Yayılan məlumatdan aydın olur ki, “Nemezis” abidəsinin açılışında Ermənistanın hakim partiyanın üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Deməli, Ermənistan bu gün də terrorçuluq siyasətini təşviq edir. Ermənistan neonasist, neofaşist bir dövlətdir. Hələ ötən ay Ermənistan-Türkiyə matçında ermənilər Azərbaycan və Türk dövlət xadimlərinə qarşı həyata keçirilən terror əməliyyatı - “Nemezis” şüarını İrəvan stadionunda nümayiş etdirmişdilər. Sözdə sülh tərəfdarı olan, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istədiklərini dilə gətirən Ermənistanın atdığı addımlar bunun əksini göstərir. Təbii ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin bu arzuları 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində tarixə gömüldü. Amma görünən odur ki, bu gün Ermənistanda yenə də terror ab-havası əsir, revanşistlər başq qaldırmağa cəhd göstərirlər. Belə bir məqamda Türkiyə-Azərbaycan birliyinə daha çox ehtiyac yaranır. Türk dünyası erməni təxribatlarına hazır olmalı və çox ciddi cavab tədbirləri barədə düşünməlidirlər. Düşünürəm ki, ermənilərin “Nemezis” əməliyyatına abidə ucaltmaları onlara baha başa gələcək və lazımi cavablarını alacaqlar”.