Azərbaycan Cənubi Qafqaz regionunda siyasi, iqtisadi, mədəni, humanitar mərkəz kimi bütün dünyanın diqqət mərkəzindədir. Qürurverici haldır ki, rəsmi Bakı ilə yanaşı, artıq, Qarabağın tacı olan Şuşa da beynəlxalq platformalara ev sahibliyi edir və artıq siyasi və diplomatik mərkəzə çevrilməkdədir Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda mühüm tədbir keçirilib. Tədbirin keçirilməsi və qonaqların tərkibi, ölkə başçısının burada vermiş olduğu mesajlar baxımından əhəmiyyəti olduqca böyükdür. Bu beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regionda təhlükəsizlik, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətində aparılan strateji siyasi xəttdən bəhs edib. Ölkə başçısı həmçinin konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev regionda formalaşmış yeni reallığın müəllifidir: “Eyni zamanda Azərbaycan postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan ölkədir. Bununla yanaşı Azərbaycan özünün siyasi-diplomatik müstəvidəki fəaliyyəti ilə daha mütərəqqi ideyalarla çıxış edir. Bu baxımdan Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirən dövlətlərdəndir. Sözsüz ki, regional əməkdaşlıq, sabitlik və inkişafla bağlı Azərbaycanın ortaya qoymuş olduğu təşəbbüslər daha böyük hədəflərə hesablanıb. Çünki Azərbaycan özünün inkişaf strategiyasına uyğun olaraq, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu birmənalı şəkildə ifadə edib. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Cənubi Qafqaz regionunda münaqişənin bitdiyini separatizmə sarsıdıcı zərbə vurduğunu bəyan edib. Bu baxımdan ölkəmizin mövqeyi ondan ibarətdir ki, bu regionun çiçəklənməsi naminə sülh və təhlükəsizlik fonunda yeni səhifə açılmalıdır. Ermənistana təklif edilən sülh konsepsiyası də məhz bunu özündə ehtiva edir. Çünki Ermənistanın öz gələcəyi də irəli sürülən təşəbbüslərə adekvat yanaşmadan asılıdır. Təbii ki, bunun nə qədər tez baş verməsi Ermənistanla yanaşı region üçün faydalı olacağı şübhəsizdir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən, “əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını” vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Vaşinqton görüşündə nəticənin əldə olunmasına imkan vermədi: “Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur”.
Millət vəkilinə görə, Prezidentin konfransdakı çıxışında işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhərinin də demək olar tamamilə dağıdıldığını vurğulaması o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb: “Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər. Ölkə başçısı həmçinin Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirib. Dövlətimizin başçısı haqlı olaraq vurğulaylıb ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib. Prezident İlham Əliyev Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsinin əhəmiyyətini də bu mənada xüsusi olaraq vurğulayıb. Azərbaycanın Rusiya, ABŞ, İran, Mərkəzi Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da ölkə başçısının çıxışında ətraflı şəkildə yer alıb”.
Tamam Cəfərova hesab edir ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir mesaj oldu: “Ölkə başçısı bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu yolundan, inamından, həqiqətindən döndərməyə qadir deyil. Eyni zamanda Azərbaycan Liderinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi”.