Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
O qeyd edib ki, iki ölkə arasında olan münasibətlərin daha da güclənməsini, dostluq münasibətlərinin artmasını istəyirik.
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçiu qeyd edib ki, Heydər Əliyev irsi dialoq və harmoniyanın nümunəsidir:
"Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. 2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dostlar həyat boyu seçdiyimiz ailədir. Azərbaycan xalqına inkişaf, tərəqqi arzulayır, Heydər Əliyevin 100 illiyi münasibəti ilə təbrik edirəm”.
Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun təbrikini oxuyub:
"Hazırda Heydər Əliyev kimi müdrik və peşəkar siyasətçilər çatışmır. Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına çalışıb. Azərbaycan və Rusiya münasibətləri hazırda da uğurla inkişaf edir. Azərbaycan və Rusiya münasibətləri regional səviyyədə də təqdirəlayiqdir”.
Dövlət Dumasının sədr müavini Aleksey Gordeyev isə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin təbrikini çatdırıb. Vyaçeslav Volodin təbrik müraciətində Heydər Əliyevin böyük şəxsiyyət olduğunu, bu gün Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə iki ölkə münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.
İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Marco Scurria isə xüsusi iclasda bu sözləri qeyd edib:
"Azərbaycan dinlərarası dialoqun təşviqinə sadiqdir. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq mühüm yer tutur. Əməkdaşlıq tək enerji sahəsi ilə məhdudlaşmır. Bakı İtaliya şirkətləri üçün cəlbedicidir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 17 milyard avro olub. Heydər Əliyev bu gün sürətlə inkişaf edən Azərbaycanın uğurlarının əsasını qoyub".