“Qarabağ münaqişəsinin sona çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşama və barışığın təmin edilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə yatırmaq üçün imkanlar və real perspektivlər yaradıb”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun yol keçib.
Nazir vurğulayıb ki, Azərbaycan 2020-ci ildə Ermənistanla silahlı toqquşmaya son qoyaraq, 30 illik işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi iztirablara baxmayaraq, Ermənistanla davamlı sülhün təmin olunmasında fəal iştirak edib.