Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Moskva görüşündən gözləntilər nələrdir? Vaşinqton və Brüsseldə əldə edilmiş müsbət tendensiyanın Kremldə davam etdirilməsi nə dərəcədə mümkün görünür?
- Moskva görüşündən gözləntilər elə də müsbət deyil. Rusiya tərəfi sadəcə olaraq Vaşinqton və Brüssel görüşünün nəticələrinə siyasi qısqanclıqla yanaşır. Fakt odur ki, Rusiya Qafqazdan çıxmaq istəmir. Bütün hallarda öz siyasi mövqeyini bu regionda qorumağa çalışır. Artıq erməni blogerlər də Qarabağda olan separatçılara təlim tapşırığı gəldiyini bəyan etdilər. Çünki Moskva separatçılara növbəti dəfə tapşırıq verib ki, bütün hallarda yerli ermənilərlə Azərbaycan dövləti arasındakı narazılığı mümkün qədər artırın. Ona görə də, nə qədər Moskva bu işlərin içərisindədir Azərbaycanla Ermənistan arasında heç bir sazişdən söhbət gedə bilməz. Görünən odur ki, keçmiş ATƏT-in Minsk qrupunun missiyasını indi Moskva öz üzərinə götürüb. Buradan da belə qənaət yaranır ki, vaxtilə Minsk qrupuna da bu məsələlərdə bir addım belə irəliyə getməyə Moskva qoymayıb. Çünki bu məsələdə ABŞ-da öz mövqeyini bildirdi. Dövlət katibi Entoni Blinken elan etdi ki, formatın harada olmasından asılı olmayaraq biz Azərbaycanla Ermənistan arasında sazişin bağlanmasının tərəfdarıyıq. Amma yenə də Vaşinqton görüşündə sonra Putinin köməkçisi açıqlama verdi ki, hər şey üçtərəfli bəyanat çərçivəsində həll olunmalıdır.
- Siz Rusiyanın proseslə bağlı mümkün qadər əngəl yaradacağını söylədiniz. Burada Azərbaycanla bağlı məsələlər necə həll olunacaq?
- Onlar çalışacaqlar ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində konkret addım atsın. Rusiya da öz növbəsində bundan yararlansın. Bu da Azərbaycana qarşı növbəti təxribat elementlərini göz önünə gətirmiş olur. Moskvada üçtərəfli formatda baş tutan görüşdə bu mənada gözləntilər azdır. İndi burada başqa məsələlər gündəmə gəlib. Çünki Paşinyan Rusiyanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla hədələyir. Həmçinin son günlər Paşinyan bir qədər fərqli açıqlamalar verir. O, Moskva ilə ünsiyyət qurduqdan sonra indi başqa bir nağıl danışır. Bütün bunlar onu göstərir ki, Paşinyan hazır resepti oxuyur.
- Belə fikirlər də tirajlanır ki, bu görüşdə Azərbaycan və Ermənistana yeni sülh sənədi təqdim edilə bilər? Yeni sülh sənədi dedikdə nə başa düşülür?
- Bu əslində zaman itkisidir. Çünki qarşı tərəf dəqiqədə bir başqa məsələləri gündəmə gətirir. Erməni tərəfi deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Onlar sadəcə olaraq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat istəyir. Əslində bu təminatın istənilməsi də absurddur. Çünki Bakıda 30 min erməni yaşadığı halda sırf Qarabağda yaşayan ermənilər üçün təminat istəmək təəccüb doğuran məsələdir. Faktiki onlar da bilir ki, Bakıda yaşayan ermənilər digər vətəndaşlar kimi ölkə konstitusiyasının vermiş olduğu imkanlardan bərabər formada faydalanır.
- Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin bu dərəcədə gündəmə gətirilməsi nəyə hesablanıb?
- lI Qarabağ müharibəsindən sonra onlar elə bir təsəvvür yaratmağa çalışırlar ki, guya Qarabağ ermənilərinə Azərbyacanda münasibət birmənalı deyil. Sözsüz ki, bu zamanla öz qaydasına düşəcək hallardır. Çünki I Qarabağ müharibəsindən sonra da belə olmuşdu. İndiki halda Rusiya yenidən öz libasının üstündən yeni bir örtüyə bürünməyə çalışır. Moskva plüralizm adı ilə bu məsələləri köhnə məcraya qaytarmaq istəyir. Ona görə də, burada yeni bir şey yoxdur. Əgər ölkələr arasında sülh sazişi olacaqsa, bunun iki bəndi olmalıdır. Bura ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və bir-birinə qarşı ərazi iddiasının olmamasıdır. Kommunikasiya və infrastruktur məsələləri isə sonrakı prosesdir. Amma Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinə ölkə konstitusiyasına uyğun vətəndaş kimi yaşamaq üçün təminat verilir. Bu da yeni bir format deyil. Standart olaraq qəbul edilmiş bir yanaşmadır. 100 illik müharibə olsa belə sülh danışıqları gedir və yekunda sülh müqaviləsi imzalanır. Sazişin içində olan məsələlər isə işçi qrupunun işidir.
- Paşinyan Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlərlə tanıdığını bəyan etdi. Sözsüz ki, onun bu açıqlamasına təpkilər də var. Necə düşünürsünüz, Ermənistanın real hakimiyyətinin Qarabağ yükündən xilas olmaq üçün daha hansı addımları atmalıdır?
- Əslində Ermənistan uzun müddət dövlət olmadığına görə, onları kilsə idarə edib. Paşinyan da çox gözəl bilir ki, hal-hazırda kilsə və onun ətrafında olan terror təşkilatları onu sevmir. Ona görə də, Paşinyan öz hakimiyyəti ilə bərabər Ermənistan dövlətini qorumağa çalışır. Görünən isə odur ki, indi Ermənistan cəmiyyətində az-çox ayıq başda olan elə Paşinyandır.
- Sizcə, Ermənistanın inkarçı siyasi xətti necə nəticələnə bilər?
- Paşinyan da bilir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasəti onun ölkəsinin Rusiyanın bir əyalətinə çevrilməsinə səbəb olacaq. Beləliklə də Ermənistan Cənubi Osetiya, Abxaziya kimi şey olacaq. Bununla da Ermənistanda bütün strukturlar Rusiyanın tabeçiliyinə keçəcək. Rusiya üçün də kiçik bir Ermənistan lazımdır. Paşinyanın da məhz 29,8 min kv km ərazini qorumağa can atır. Çünki o da yaxşı bilir ki, Ermənistan yarananda 9,8 min kv km olub. Sadəcə olaraq erməni kilsəsi bu reeallığı görmək istəmir. İndiki halda da Ermənistan iqtidarı həm erməni kilsəsindən, həm də Qarabağ yükündən qurtulmaq istəyir.