12 İyun 2023 17:34
46 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki halda müşahidə edilən odur ki, proseslərin nəzarəti sanki Rusiyanın əlində cəmləşib. Proseslərin pozulması da Rusiyanın siyasi iradəsi ilə bağlıdır. Bu da Ermənistanın köməyi ilə edilir. Çox hallarda da bu pozuculuq niyyətləri reallaşır. Azərbaycanla Ermənistan arasında şərti sərhəd xəttində baş verən təxribatlar, eyni zamanda Vaşinqtonda hər iki ölkə xarici işlər nazirləri arasında nəzərdə tutulan görüşün təxirə salınması bu mənada xüsusi ilə qeyd edilməlidir.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu cür pozucu hallar birbaşa Moskvanın səyləri ilə bağlıdır:

“Bölgədə Qərbin təsir imkanlarını tamamilə heçə endirmək üçün bu addımlar atılır. Cənubi Qafqazda bütün prosesləri Rusiya məhz öz nəzarətində saxlamağa çalışır. Amma proseslərin ümumi mənzərəsi onu deməyə əsas verir ki, Rusiyanın bu cəhdləri baş tutmayacaq”.

Politoloq hesab edir ki, hazırkı mərhələdə Rusiyanın bu hallara qarşı resurs və imkanları zəifdir:

“Çünki Rusiya daima Azərbaycanla Ermənistan arasında gərginliyin saxlanılması xəttini seçib. Bunun davam etdirilməsi üçün bu və ya digər formalarda hiyləgər gedişlər edilir. Ona görə də, indiki halda əsas diqqət Brüsseldə iyul ayında Azərbaycan və Ermənistan liderləri arasında baş tutucaq görüşə yönəlib”.

Qabil Hüseynliyə görə, Brüsseldə Vaşinqtonda XİN rəhbərlərinin baş tutmayan görüşü əvəz edilmiş olacaq:

“Eyni zamanda Brüssel görüşünə qədər XİN rəhbərlərinin görüşünün baş tutma ehtimalı da az deyil. Fakt isə odur ki, Qərb vəziyyəti mümkün qədər nizamlamağa çalışır. Rusiya isə münasibətlərin pozulmasında maraqlı görünür. Son zamanlar müşahidə edilən bütün pozuculuq niyyətləri də burada açıq-aşkar görünür. Rusiya artıq açıq kartlarla oynamağa başlayıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər