Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Azərbaycan-Rusiya gərginliyi Lavrov yanaşması kimi də şərh edilir. Bu cür yanaşmalar nədən qaynaqlanır?
- Burada başlıca səbəb aydındır. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Sözdə bizə hörmət edirlər, ərazi bütövlüyümüzü tanıyırlar. Hətta iki il öncə ölkə başçıları arasında strateji tərəfdaşlıq haqqında bəyanat da imzalandı. Amma reallıq dəyişmir. Bu da Azərbaycanın Qarabağın tamamı üzərində hüquqlarının bərpası ilə bağlıdır. Sadəcə olaraq Azərbaycanın Qarabağın böyük bir hissəsini azad etməsi ilə barışıblar. Fakt odur ki, Xankəndidə və ətrafda ermənilərin yaşadığı ərazilərdə Azərbaycanın nəzarət mexanizmlərinin olmasını Rusiya istəmir.
- Rusiyanın Azərbaycan ərazisi daxilində olan məsələlərə münasibətinin kökündə hansı amillər dayanır?
- Bu yeni bir şey deyil. Rusiyanın imperialist siyasətinin davamı məhz budur. "Parçala, hökmranlıq et" siyasəti burada özünü biruzə verir. Ona görə də, Rusiya Xarici Işlər nazirliyinin Azərbaycan əleyhinə son təxribatçı bəyanatı heç də özbaşına verilmiş açıqlama deyil. Həmin mətn Kremldən razılaşdırılıb. Məqsəd Azərbaycanı qorxutmaqdır. Hətta həmin bəyanatda Nikol Paşinyana əmr edilir ki, o, Brüsselin vasitəçiliyi ilə Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımasın. Hətta Azərbaycana da dırnaqarası mesaj göndərilir ki, Laçın dəhlizi açılsın. Bütün bunların hamısı sözsüz ki, Kremldən razılaşdırılıb. Bu da təbii ki, çox məntiqsiz bir siyasətdir.
- Sizcə, Azərbaycan və Türkiyə ilə münasibətləri korlamaq Rusiyaya necə təsir edəcək?
- Faktiki olaraq bu gün Rusiya dünya ilə üz-göz olub. İndi də Azərbaycan və Türkiyə ilə qapıları bağlamaq istəyir. Çünki Azərbaycana qarşı olan yanaşma Türkiyə-Rusiya münasibətlərinə də mənfi təsir edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs toplantısında Rusiyaya açıq mesaj verdi. Bu da rus hərbi kontingentinin Qarabağdan çıxarılması ilə bağlı idi.
- Son təxribatlarda bu yanaşmaların təsiri nə dərəcədə böyükdür?
- Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılması vaxtı yaxınlaşdıqca onlar Azərbaycana qarşı təxribatlar edir. Bir neçə gündür separatçıların Xankəndidə aksiyası keçirilir. Buradan da separatçılar beynəlxalq aləmə mesaj göndərirlər ki, "guya orada aclarından ölürlər". Halbuki Azərbaycan onlara Ağdam üzərindən zəruri ehtiyaclarını təmin edilməsi üçün marşrut təklif edib. Hazırda Xankəndiyə qanunsuz qazın verilməsi məsələsi də bitib. Çünki ora qaz boru xətti işğal dövründə çəkilib. Ona görə də, Azərbaycan Qarabağda yaşayan ermənilərə dialoq təklif edir ki, bu məsələləri qarşılıqlı olaraq danışıb həll etmək mümkün olsun.
- Qarşı tərəfin bu təkliflərə adekvat olmaması hansı amillərlə bağlıdır?
- Azərbaycanın təkliflərini erməni əhalinin istəməməsi başqa səbəblərlə bağlıdır. Çünki kənar qüvələr onlara bu məsələdə təsir edir ki, Azərbaycanın təkliflərindən imtina etsinlər. Amma buna baxmayaraq Azərbaycan özünün prinsipial təkliflərindən və mövqeyindən əl çəkməyəcək. Rusiya deyib deyə susa bilmərik. Rusiya XİN-nin təxribatçı bəyanatına da Azərbaycan Xarici İşlər nazirliyi onlara anladığı dildə cavab verməsi çox vacib idi. Həmin adekvat bəyanatda ruslara deyildi ki, sizin bu yanaşmanız strateji tərəfdaşlığa ziddir. Ruslar vaxtilə Çeçenistanı ona görə ram etdilər ki, ərazi bütövlüyü təmin edilsin. Belə olan halda Azərbaycanda Qarabağın tamamı üzərində öz suverenliyini təmin etməkdə haqlıdır. Bu Rusiyaya olar, Azərbaycana olmaz yanaşmaması ilə həll edilməməlidir.