27 İyul 2023 22:36
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatda Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını qətiyyətlə rədd edirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatına dair şərhində deyilir.

"Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə və danışıqlar prosesinə istinad edən, nədənsə son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı hərbi təxribatlarının davam etdirilməsi, Azərbaycana qeyri-qanuni olaraq hərbi məhsulların və minaların ötürülməsi, eləcə də kommunikasiyaların açılışına Ermənistan tərəfindən maneçilik törədilməsi kimi bəyanatın ciddi pozuntularına önəm verməyən Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edən Fransa tərəfi unudub ki, məhkəmə məhz 6 iyul tarixi qərarı ilə Laçın sərhəd buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq edib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub.

Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur.

Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb və yalnız bir gün ərzində, 27 iyul tarixində Laçın sərhəd buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.

Bütün bu məsələlər kontekstində, Fransa tərəfinin yenə də Ermənistan təxribatlarına qarşı susqunluq sərgiləməsi və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə, Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq", - deyə şərhdə bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər