14 Avqust 2023 20:34
224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan və havadarlarının, siyasi riyakarlıqdan, ikili mövqedən əl çəkməyən dövlətlərin, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi çıxış edən təşkilatlar üzərində də qələbəsi hesab edilir. 30 il ərzində Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında saxlamasına, viran qoymasına, milli–mənəvi dəyərlərimizi məhv etməsinə biganəlik nümayiş etdirən bir sıra ölkələr və beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmadı. Bunun əksinə Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirdilər. Ölkəmizə qaşı daim qərəzli mövqe nümayiş etdirən bir sıra beynəlxalq ekspertlər, təəssüf ki, hələ də çirkin əməllərindən əl çəkmir, erməni lobbisinin əlində oyuncaq olduqlarını nümayiş etdirirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib

O qeyd edib ki, II Qarabağ müharibəsində Azərbaycan Ermənistanla yanaşı onun arxasında duran gücləri məhv etdi: “Bugünkü haray-həşir də məhz həmin məğlubiyyətin təzahürüdür. Məlum olduğu kimi avqustun 16-da BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək. Əslində bu məsələnin TŞ-də qaldırılması onun formatından sui-istifadə edərək yalan dolu narrativlər əsasında beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etməsi işğalçı dövlətin növbəti beynəlxalq hüquqa zidd addımı, diqqəti yayındırmaq cəhdidir. Azərbaycan tərəfi bütün bunlara sərt münasibətini bildirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yayılan məlumatda bildirilir ki, bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, işğalçı dövlət Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb”.

Millət vəkili bildirib ki, bu müraciət ermənilərin ilk cəhdi deyil: “2022-ci il dekabrında havadarı Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, üzv dövlətlər arasında konsensus olmadığından Fransanın irəli sürdüyü bəyanat layihəsi razılaşdırılmadı. Böyük ehtimalla ermənilərin növbəti cəhdi də uğursuz olacaq. Uğursuzluqlarına baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir. Bu qətnamələri qəbul edən, altına imza atan ölkələr sonra yaradılacaq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri oldular. Hər üç ölkə dünyada nüfuzlu, sayılan ölkə imicini itirənə qədər Ermənistan-Azərbaycan münaqişəsində ədalətin yanında durmadılar, onlar ermənilərin işğalçı əməllərini dəstəklədilər. Çox təəssüf ki, həmin ölkələr məsələyə yanaşma forma və üslublarını dəyişsələr də, mahiyyət dəyişməyib”.

Deputat hesab edir ki, Ermənistanın BMT TŞ-yə müraciəti tam əsassızdır: “Çünki etiraz predmeti Azərbaycan torpaqları, əraziləridir. Rəsmi Bakı suveren ərazilərində baş verənləri özünün daxili məsələsi hesab edir, separatçılığı, təxribat əməlləri törədənləri və onun arxasında duranları cəzalandırmağın yollarını bilir. Amma bütün bunların fonunda Azərbaycana qarşı hər hansı bəyannamə, yaxud qətnamənin mümkün qəbulu bu təşkilatın prinsiplərindən uzaqlaşması demək olacaq. Bu prinsip isə dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaqdan keçir. Həmçinin, dünyanın hər yerində separatçı əhvali-ruhiyyənin artmasına səbəb ola bilər. Bununla da artıq dağılmaqda olan dünya düzəninə daha bir zərbə vurulacaq. Ermənistan və onun havadarları nəzərə almalıdır ki, nə Ermənistanın destruktiv əməlləri, nə də TŞ-da siyasi spekulyasiyalar Azərbaycanın haqlı mövqeyinə təsir etməyək. Ermənistan bilməlidir ki, BMT-də Azərbaycana qarşı hər hansı təxribat Azərbaycanın iradəsinə də təsir göstərməyəcək. Eyni zamanda Ermənistanın nazı ilə oynayanlar bilməlidirlər ki, Azərbaycanın sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Son sözü Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusu deyəcək!


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər