23 Avqust 2023 09:05
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qarabağın dağlıq hissəsində məskunlaşdırılmış Rusiya vətəndaşlarının çıxarılması prosesi başlayıb. Sizcə, bu nə ilə əlaqəlidir?

- Bilirsiniz ki, Qarabağ uzun müddət işğalda olub, indi də ərazilərin bir hissəsi Rusiya sülhməramlılarının nəzarətindədir. Bölgədə Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır. Azərbaycan bu istiqamətdə ardıcıl siyasətini davam etdirir. İşğal dövründə həmin ərazilərdə məskunlaşmış şəxslər, o cümlədən xarici ölkələrin vətəndaşları bölgəni tərk etməlidir. Beynəlxalq hüquq da bunu deyir.

Vaxtilə Azərbaycan vətəndaşı olmuş şəxslərin taleyinə gəlincə, dövlətimiz bunu bağlı açıq bəndlə bəyan edib. Bildirilib ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxslər burada rahatlıqla yaşaya bilərlər. Onlar həmin insanlardır ki, Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməyiblər, o insanlar üçün heç bir problem ola bilməz. Azərbaycan onların hüquq və təhlükəsizliyi ilə bağlı öz üzərinə götürüb həll etməyə hazırdır.

Əlbəttə, hazırda bölgədə olan xarici ölkələrin vətəndaşları ərazimizi tərk etməlidir. Çünki Azərbaycana reinteqrasiya prosesi həyata keçirilməlidir. Bu baxımdan, işğalın əlamətlərindən olan başqa ölkələrin vətəndaşları bölgədən getməlidir. Laçında da belə olmuşdu. Livan və Suriyadan gətirilən ermənilər Laçından çıxarıldılar. Onların bir hissəsi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayırlar. Onlar da bölgədən çıxarılacaqlar. Bu, bir prosedurdur. O ərazilərdə yalnız Qarabağda doğulmuş və vaxtilə Azərbaycan vətəndaşı olmuş şəxslər qala bilərlər.

Məsələyə bu kontekstdən yanaşılmalıdır. Rusiya vətəndaşlarının bölgədən çıxarılması o deməkdir ki, Azərbaycan reinteqrasiya prosesini reallaşdırmaqda qərarlıdır. Bu çərçivədə də, Rusiya pasportu daşıyan şəxslər bölgəni tərk edirlər.

- Hesab etmək olarmı ki, Rusiyanın Qarabağ məsələsinə yanaşması dəyişir?

- Belə hesab etmirəm. Rusiyanın imperial təfəkküründə Qarabağ məsələsi xüsusi yer tutur. Rusiya bir formada Qarabağda qalmaq niyyətini gizlətmir. Amma burada baş verə biləcək gərginlikdə Rusiya vətəndaşlarının zərər görməməsi üçün onları bölgədən çıxarmaqla doğru addım atırlar. Bu, müsbət yanaşmadır. Buna siyasətin dəyişməsi yox, düzgün olanı edirlər desək, daha doğru olar.

- Rusiyanın bir yolla bölgədə qalmaq istədiyini deyirsiniz, amma sülhməramlılar iki il sonra ərazimizi tərk etməlidir. Sizcə, bu olacaqmı?

- Belə bir fikir var ki, Rusiya əsgəri girdiyi yerdən könüllü çıxmır, gərginliklər yaratmağa çalışır. Bunu Gürcüstan və Moldovada gördük, Ukrayna məsələsi tam başqa mövzudur. 2022-ci ilin yanvarında Qazaxıstanda fərqli bir nümunənin şahidi olduq. KTMT missiyası adı altında rus əsgərləri Qazaxıstanda yerləşdirildi. İki həftə bölgədə qaldıqdan sonra çıxdılar. Əlbəttə, o zaman Rusiyaya böyük təzyiqlər edilmişdi. Həm təzyiqlər, həm də Ukraynaya qarşı savaş hazırlığı Rusiyanın girdiyi bölgədən çıxmasına səbəb olmuşdu.

Biz də düşünürük ki, iki ilin sonuna bunu etmək mümkündür. Hazırda aparılan siyasət də bunun üzərində qurulub ki, Rusiya ilə ciddi gərginlik və konflikt yaşamadan proses məntiqi sonluğa çatdırılsın.

- Separatçılar arasındakı gərginlik açıq müstəviyə keçib. Ruben Vardanyan Araik Arutyunyanı açıq formada tənqid və ittiham etməyə başlayıb. Üstəgəl, hərbçilər qondarma rejimin “parlament”inə basqın etdilər. Baş verənləri hansı kontekstdə şərh etmək olar?

- Müxtəlif qruplar var, bunların da arxasında öz havadarları və ya müəyyən güclər durur. Vardanyanın kim tərəfindən göndərildiyi və təlimatları haradan aldığı məlumdur. Vardanyan Xankəndiyə ona görə göndərildi ki, bölgədədə yerləşərək gərginliyi davamlı şəkildə artırsın, burada “prinsipial mövqe” tutduğunu göstərərək, dividentlər qazansın və separatçı quruma nəzarəti ələ alsın, bu “uğurlar”ından da Ermənistanda hakimiyyəti ələ keçirmək üçün istifadə etsin. Vardanyanın bütün davranışları Rusiyanın təlimatları ilə tənzimlənir.

Bölgədəki 10 minlik qanunsuz hərbi qüvvəyə gəlincə, onlar Ermənistan ordusunun qalıqlarıdır. Orada Birinci Qarabağ Müharibəsindən bəri silahlanmış şəxslər də var. Onların hamısı Ermənistan Müdafiə Nazirliyindən idarə olunurlar. Ermənistan nə qədər bunu təkzib etsə də, bu belədir. Sadəcə Ermənistan ordusu daxilində kifayət qədər Rusiyaya bağlı hərbçilər var. Xüsusilə Qarabağda olan bu hərbçilər açıq əlaqələrə malikdir. Üç ilə yaxındır bölgədə olan Rusiya hərbçiləri ilə daha yaxın təmasdadırlar və rahat şəkildə təlimat ala bilirlər. Separatçılar arasında baş verənlər də bunun nəticəsidir.

Əlbəttə, orada sadə insanlar da var, əslində, onlar çıxılmaz durumdadır. Onların əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməkdə bir problem görmürlər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə də bunu görürük. Onlar bildirirlər ki, gedəcəkləri başqa yerləri yoxdur, burada qalmaq istəyirlər. Burada qalıb yaşamaq isə Azərbaycan vətəndaşlığını qəbul etmək anlamına gəlir.

İndi Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin yox, daha çox revanşistlərin səsləri gur çıxır. Onların da havadarları var. Əsas rolu oynayan Rusiyadır, çünki sülhməramlı kontingenti bölgədə yerləşib. Bir sözlə, indi baş verənlər müəyyən təlimatlardan, həm də daxili “siyasi rəqabət”dən qaynaqlanır.

Həmişə Ermənistandan və separatçılardan sülh prosesini pozmaq üçün istifadə olunub, onların vasitəsilə proses əngəllənib. Hazırda həmin istiqamətdə addımlar atmaq üçün cəhdlər edilir. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamalarından da aydın olur ki, onların Azərbaycanın mövqelərini izləmək üçün istifadə etdikləri vasitəsilər sıradan çıxarılıb.

- Erməni mediası yazır ki, Bərdədə Qarabağ erməniləri ilə görüş keçiriləcək. Ermənilər Bakı ilə reinteqrasiya danışıqlarına gələcəklərmi?

- Əlbəttə, bunu istəyənlər də, istəməyənlər də var. Ermənilərin müstəqil qərar vermək imkanları olmadığı üçün daha çox onların arxasında duran güclərin mövqelərini bilirik. Bu, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr də bir daha aydın oldu. Məlum oldu ki, hansı dövlətlər bölgədə normallaşma istəyir, hansılar bunun əleyhinədir. Rusiya nümayəndəsinin çıxışından aydın oldu ki, onlar Ağdam-Xankəndi yolunun açılması ilə barışırlar, buna qarşı deyillər. Bu da müsbət məqam kimi dəyərləndirilə bilər. Bu yolun açılması Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına müsbət təsir edən faktorlardan biri olacaq.

Təmaslara gəlincə, ötən ay Rusiyada keçirilən görüşdə həm Ağdam-Xankəndi yolunun açılması, həm də ermənilərlə Yevlaxda görüşün keçirilməsi prinsipial olaraq razılaşdırılmışdı. Son anda bu, ermənilər tərəfindən pozuldu.

BMT-dəki müzakirələrdən sonra erməni cəmiyyətində daha çox insan anlamağa başlayıb ki, bölgədə yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasından başqa yolları yoxdur. Onlara alternativ yol da təklif edilib: vətəndaşlığımızı qəbul edənlər burada yaşayacaqlar, istəməyənlər üçün qapı açıqdır, gedə bilərlər.

Əgər Bərdədə belə bir görüş baş tutacaqsa, buna müsbət hal kimi baxmaq olar. Əlbəttə, mümkün görüşdə yenə də maksimalist tələblərlə çıxış edə bilərlər, amma bunun onlara faydasının olmayacağı aydındır. Çünki beynəlxalq hüquq onlardan tələb edir ki, nəhayət, reallıq əsasında öz qərarlarını versinlər, Bakı üçün məqbul olan nümayəndələrini seçib danışıqlara göndərsinlər.

Dediyim kimi, şübhə etmirəm ki, oradakı sadə insanların əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul edərək, burada yaşamaq istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər