24 Avqust 2023 09:05
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qarabağ ermənilərinin Bakının yüklərin Xankəndi-Ağdam yolu ilə daşınması və üzbəüz görüş tələblərini qəbul etməsi barədə məlumat yayılıb. Hesab etmək olarmı ki, ermənilər reinteqrasiyadan başqa yolun olmadığını anlamağa başlayıblar?

- Son gəlişmələr onu göstərir ki, Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək, ermənilər də gec-tez bunu qəbul etmək məcburiyyətindədir. Əks halda, bu, növbəti mərhələdə Azərbaycanın beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək, öz ərazisində antiterror əməliyyatları keçirməsinə gətirib çıxara bilər. Son zamanlarda Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə revanşizmin baş qaldırdığını görürük. Bütün bunlar sonda bu ərazilərdə antiterror əməliyyatlarının başlamasına zəmin yarada bilər. Bu durumda ən çox uduzan Ermənistan olacaq.

Ermənilər “blokada”, “aclıq” kimi yalanlarla uzağa getməyin mümkün olmadığını da anlamağa başlayırlar. Biz öz mövqeyimizdə aydın və qətiyik. BMT Təhlükəsizlik Şurasında baş verənlər, Yaşar müəllimin oradakı sərrast çıxışı, erməni yalanlarının dünyanın gözü önündə ifşası göstərdi ki, bu yalanları onların işinə yaramır. Artıq həqiqətləri qəbul etməyin vaxtı çatıb.

Bəli, artıq erməni mediası yazır ki, tələblərimiz qəbul olunub. Necə olacağını zaman göstərəcək, amma ermənilər xisləti yalanla yoğrulmuş millətdir. Buna görə də, necə olacağını indidən demək olmur. Bu, erməni auditoriyasına hesablanmış dezinformasiya da ola bilər. Hər halda biz ümid edirik ki, Ağdam-Xankəndi yolu ilə bağlı tələbimiz reallaşacaq, bundan sonra reinteqrasiya ilə bağlı digər addımlarımızı ata biləcəyik.

- Ruben Vardanyan kimi separatçılar isə qəti şəkildə reinteqrasiyaya qarşı çıxdıqlarını söyləyirlər. Vardanyan və ətrafındakıların bu pozucu səyləri necə nəticələnə bilər?

- Biz hazırda Qarabağla bağlı həm Ermənistanda, həm də separatçılar daxilində çox ciddi qarşıdurmanın getdiyini görürük. Əlbəttə, bu qarşıdurma tərəflərini dəstəkləyən xarici qüvvələr də var. Bura regional və kənar qüvvələr daxildir. Bu qarşıdurma həm Ermənistanda, həm də Qarabağın ermənilərin yaşayan hissəsində müəyyən proseslərə start vermək məqsədi daşıyır. Məsələn, bu baxımdan Vardanyan nə qədər dəstək alır? Bu mübahisəlidir. Ermənilər anlamalıdırlar ki, prosesin mürəkkəb məcraya yönəlməsi onlara yaxşı heç nə vəd etmir.

Bu günlərdə iki erməni fəalın sosial şəbəkədə söhbətini izlədim. Fəallardan biri dedi ki, Azərbaycan bu dəfə nəsə etsə, 44 gün yox, 24 saat çəkəcək. Yəni ermənilər də reallığı anlayırlar və anlamalıdırlar. Hansısa xarici güclərin dəstəyini almaq istəyən revanşistlətin bu kimi fəaliyyətləri erməniləri və Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Danışıqları dalana dirəmək olmaz. Ermənilər sonuncu dəfə danışıqları dalana dirəyəndə “Dəmir yumruq”u gördülər. Belə bir şey yenidən təkrarlansa, bu, Ermənistanın gələcəyini şübhə altına salacaq.

Ermənilər elə düşünməsinlər ki, bu gün vardanyankimilərə dəstək verən xarici güclər onların tərəfindən Azərbaycana qarşı prosesdə iştirak edəcəklər. Bunu 44 günlük Vətən müharibəsində gördülər və bilsinlər ki, belə bir şey olmayacaq. Vətən müharibəsindən sonra yeni geosiyasi reallıq var. Bu reallığı Azərbaycan “Dəmir yumruq”u ilə ortaya qoydu. Bundan doğru nəticə çıxarmaq lazımdır.

- Bölgədə fəallığın artdığı vaxtda Ermənistan rəhbərliyi Qafan hava limanını açmağa tələsdi. Bəs bu addım nəyə hesablanıb?

- Bunu daha çox daxili auditoriyaya yönəlik proses kimi qiymətləndirirəm. Çünki bu gün Ermənistanda revaşinstlərin fəallaşması ilə yanaşı, Qərb-Rusiya qarşıdurmasının şahidi oluruq. Ermənistan daxilindəki qüvvələrinin Qarabağ adından istifadə edərək bir-birlərinin üzərlərinə getməsinin kökündə Qərb-Rusiya qarşıdurması dayanır. Fonda Qarabağdır, arxa planda bu qarşıdurmadır. Paşinyan da bu durumda daxili auditoriyaya hesablanmış addımlar atmağa çalışır ki, müəyyən qüvvələr tərəfindən ona qarşı irəli sürülmüş iddia və ittihamların önünə keçə bilsin. Əlbəttə, burada xarici qüvvələrlə bağlı məqamlar da ola bilər. Bütün hallarda bu, Ermənistan daxilində gedən proseslərdən qaynaqlanır.

- Nikol Paşinyan “Ermənistanın müstəqillik bəyannaməsi”ni tənqid etdi. O, bunun Ermənistanı qonşuları ilə daimi münaqişə vəziyyətində saxladığını dedi. Ermənistan baş nazirinin bu açıqlamasını necə şərh etmək olar?

- O “bəyannamə”nin mətnində Qarabağla bağlı açıq separatçı fikir və Azərbaycana qarşı ərazi iddiası var. Bunun mətnini oxumuşam. Paşinyan bunu şərh edərkən dedi ki, 44 günlük müharibədən əvvəl bunu oxuyarkən mənə başqa cür, müharibədən sonra oxuyarkən tamam başqa təsir etdi. Məhz heç bir hüquqi qüvvəsi olmayan, beynəlxalq hüquqi prinsiplərə zidd olan belə “sənədlər”, “tarixi kitablar”, fantastik nəzəriyyələr Ermənistanı bu gün dalana dirəyib. Əslində, Paşinyan da öz çıxışında buna eyham vurdu. Yəni demək istəyir ki, Ermənistanın hazırkı durumunun səbəbləri bunlardır. Hətta belə bir cümlə də işlətdi ki, bunlar Ermənistanın qonşuları ilə münasibətlərinə də mənfi təsir edir.

Müasir dövrdə - XXI əsrdə fantastik nəzəriyyətlər uydurmaqla, beynəlxalq hüquqa zidd qərarlar verməklə heç nəyə nail olmaq mümkünsüzdür. Bu gün 90-cı illərin əvvəlləri – 80-cı illərin sonları deyil. 90-cı illərdəki durum başqaydı, indi tam başqadır. Belə əfsanələrlə uzağa getmək olmaz. Əgər bu hədəflərin reallıqla üst-üstə düşən tərəfləri yoxdursa, buna nail olmaq mümkün deyil. Təsəvvür edin ki, Ermənistanın bütün qonşuları ilə problemləri var. Ermənilər 1916-cı ildə Özbəkistan ərazisində özbəklərə qarşı soyqırımı törətmiş xalqdır. Yəni bunlar təkcə qonşuları ilə yox, hamı ilə problem yaşayırlar. Gürcülərlə, bizimlə problemləri var, Türkiyəyə ərazi, qondarma soyqırımı iddiası ilə çıxış edirlər. Bir dövlət belə absurd yanaşma ilə XXI əsrdə özünə normal perspektiv əldə edə bilməz.

Artıq Ermənistanın öz daxilində normal müzakirələr təşkil olunmalıdır. Cəsarətləri çatıb öz aralarında bunu müzakirə edib, bir məntiqi qərar verilməlidir. Özlərinə sual verməlidirlər ki, biz belə hara gedirik? Açığını deyim: həm daxilində, həm də Cənubi Qafqazda gedən proseslər Ermənistanın gələcəyini çox ciddi sual altında qoyur. Bunu bir azərbaycanlı yox, dünyanın tanınmış analitikləri də deyirlər.

- Bəs Paşinyan açıqlamasında səmimidirmi, yəni Ermənistanın özünə zərərli olan yanaşmasını həqiqətənmi dəyişmək istəyir?

- Ümumiyyətlə, səmimiyyət və erməni məsələlərinə tərəddüdlə yanaşan insanam. Ona görə də, bu səmimiyyət məsələsinə toxunmaq istəmirəm. Amma başqa bir məsələ var: mövcud reallığa obyektiv qiymət vermək. Dediyim kimi, özlərində cəsarət tapıb mövcud reallığa, XXI əsrin həqiqətlərinə, regionda baş vermiş dəyişikliyə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və hamı tərəfindən qəbul edilmiş prinsiplər çərçivəsində qiymət verməlidirlər. Bu qərar verəcəklərsə, onlar üçün ən doğrusu bu olacaq. Əslində, buna məcburdurlar. 44 günlük müharibədən sonra qayıdıb Naxçıvana da iddia qaldırmaqla, Bakını “bakunakert” adlandırmaqla, “biz dünyanən ən qədim xalqıyıq”, “ermənilər dinozavrlarla eyni yaşdadır” deməklə, belə nağıllarla çox getmək mümkün deyil. Belə nağıllar heç kimi uzaq gələcəyə aparmaz.

Belə davam edəcəklərsə, onlar üçün arzuolunmaz ssenari düşündüklərindən daha yaxın olacaq. Yaxşı olardı ki, indidən cəsarətli qərar verib, özlərini bu durumdan çıxarsınlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər