Azərbaycan II Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi və uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verir. Regionda və dünyada baş verən proseslər onu deməyə əsas verir ki, sözü və əməli bir olan Azərbaycanın bölgəmizdə sülhün bərqərar olması üçün verdiyi təkliflər dünyanın aparıcı beynəlxalq təşkilatları və supergücləri tərəfindən qəbul edilir. Bu, həmçinin, ölkəmizin regionun lider dövləti olduğu həqiqətini də ortaya qoyur. Bütün bu amillər Azərbaycan ilə müxtəlif ölkələr, eləcə də, Mərkəzi Asiya ölkələri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.Bu baxımdan deməliyik ki, Azərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca mühüm tarixi hadisədir. Xüsusilə qeyd etməliyik ki, prezident Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi ölkələrimiz arasında mövcud olan tarixi münaisbətlərin ruhundan xəbər verir. Bu, Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzhürüdür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır: “Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Bu mədəni əlaqələr sovet dövründə də davam etmişdir. Xüsusilə, qeyd etməliyik ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasında tarixin ağır sınaqlarından çıxmış bağlar daha da möhkəmlənərək, inkişaf etmişdir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub”.
Deputat vurğulayıb ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi”.
Millət vəkili bildirib ki, ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib: “Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu baxımdan deməliyik ki, Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq baxımından olduqca önəmlidir. Qeyd edək ki, istər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilmiş, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə edilib və müəyyən olunub.Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb”.
Tamam Cəfərova işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işlərində də qardaş ölkə Özbəkistanın Azərbaycana dəstək göstərdiyini söyləyib: “Eyni zamanda Azərbaycan da Özbəkistanla əlaqələrin daha da möhkəmlənməsinə və strateji tərəfdaşlığın inkişaf etdirilməsini dəstəkləyir. Beləki, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən orta məktəbin tikinti işləri artıq başa çatıb. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Səfər çərçivəsində Özbəkistan Prezidenti həmin məktəbin açılış mərasimində də iştirak edib. Bir məqamı da xüsusilə vurğulamalıyıq: Füzuli şəhərinin ilk sakinləri-keçmiş məcburi köçkünlər bir neçə gün əvvəl öz doğma ata-baba yurdlarına qayıdıblar. Həmin ailələrin uşaqları təqribən bir aydan sonra Özbəkistanın hədiyyəsi olan məktəbdə təhsil həyatlarını davam etdirəcəklər. Prezident İlham Əliyevin sözləri ilə desək “...bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”. Bir daha vurğulamalıyıq ki, eyni soykökə malik Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə bağlılıq fonunda dövrün reallıqlarına uyğun olaraq inkişaf edir. Şübhəsiz ki, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir”.