II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığın müəllifi Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən uğurlu siyasət Azərbaycanın regional və qlobal miqyasda rolunu günü-gündən gücləndirir. Bu mənada Azərbaycan ölkələrlə və tərəfdaşlarla sıx münasibətlər qurur. Mərkəzi Asiya ölkələri bu xüsusda mühüm yer tutur. Məhz bu kontekstdə ölkəmizin xarici siyasət kursunda Özbəkistanla əlaqələri xüsusi ilə qeyd etmək olar. Sözsüz ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından tarixi hadisə idi. Prezident Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi ölkələrimiz arasındakı münasibətlərin xarakterini göstərir.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu amil Azərbaycan və özbək xalqları arasında tarixi əlaqələrin, mənəvi bağlılığın, dostluğun və qardaşlığın əyani təzahürüdür: “Ortaq tarix, din və mədəniyyəti bölüşən ölkələrimizin əlaqələri günü-gündən inkişaf edir. Keçmiş sovet dövründə də iki xalq arasında olan mənəvi bağlar üzərində olan münasibətlər davam edib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında tarixin sınaqlarından çıxmış bağlar daha da möhkəmlənib. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri xüsusi ilə qeyd edilməlidir. Özbəkistan ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə belə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında Özbəkistan Azərbaycan torpaqlarının işğalına faktına görə Ermənistanla diplomatik əlaqə qurmayan yeganə dövlətdir. Təbii ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Özbəkistanla dövlətlərarası münasibətlərin siyasi xəttində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutub. 1996-cı ildə Özbəkistan prezidentinin Azərbaycana dəvət olunması və Ulu Öndərin 1997-ci ildə bu ölkəyə səfəri, imzalanmış sənədlər dövlətlərarası dostluğumuzda vacib dönəm idi. Bu gün hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, vahid dini dəyərlər münasibətlərə müsbət təsir göstərir. Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin timsalında hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin 2022-ci ildə Özbəkistana üç dəfə səfər etməsi, bu dost ölkənin Prezidenti seçilmiş Şavkat Mirziyoyevin ilk xarici səfərini ölkəmizə etməsi xüsusi önəm kəsb edir. Bu səfərlər zamanı vacib sənədlərin, sazişlərin imzalanması münasibətlərin xarakterində yeni zirvə hesab olunur”.
Deputat bildirib ki, prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri əməkdaşlıq və strateji tərəfdaşlığın inkişafı baxımından olduqca önəmlidir: “Prezidentlər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində vacib məsələləri müzakirə edib. Məhz səfər çərçivəsində iki qardaş ölkə arasında ümumilikdə 20 sənəd imzalanıb. Əslində müzakirələrin əhatə dairəsi bütövlükdə aparılan danışıqların spektorunu göstərir. Bu xüsusda Ali Dövlətlərarası Şuranın yaradılmasının əhəmiyyətini ayrıca qeyd etmək olar. Eyni zamanda 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisya Fondunun yaradılması iki ölkə arasında böyük hədəflərin olduğunun göstəricisidir. Bu Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda güclü əməkdaşlıq imkanlarını nümayiş etdirir”.
Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfinin dəstəyi dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan məktəb tikilib: “Azərbaycan və Özbəkistan Prezidentlərinin və Birinci xanımların iştirakı ilə açılış mərasimi keçirilən bu məktəb həm də Azərbaycan-Özbəkistan dostluğunun və qardaşlığının simvoludur. Özbəkistan prezidentinin təşəbbüsü ilə tikilmiş bu təhsil ocağı tarixi anları yaşayan ölkəmiz üçün mühüm hadisə hesab olunur. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı abadlıq-quruculuq işləri gündəmdədir. Sözsüz ki, Özbəkistanın bu məsələdə verdiyi töhfə olduqca əlamətdar hadisədir. Eyni zamanda Fuzilidəki məktəbin açılışı ilə bərabər, Füzuli sakinləri ilə tanışlıq, keçirilən görüşlər dostluğumuzun daha da güclənməsi baxımından olduqca vacibdir. Füzuli şəhərindən sonra dövlət Başçıları və Birinci xanımlar Şuşa şəhərində məscidləri, tarixi abidələri ziyarət edib”.
Sevinc Heseynova hesab edir ki, Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın Azərbaycanla olan sıx münasibətləri əldə olunan müsbət nəticələr hər iki ölkənin uğurudur: “Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğun göstəricisidir. Sözsüz ki, hər iki ölkə başçısının ortaya qoymuş olduğu mövqe dövlətlərimizin və xalqlarımızın bundan sonra daha sıx münasibətlər forunda əlaqələrinin uğurla davam edəcəyinə zəmin yaradıb”.