Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan səfirliyinə qarşı erməniəsilli şəxslər tərəfindən törədilən hücumu pisləyib.
Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.
Məlumatda xatırladılıb ki, Ermənistan tərəfindən tarix boyu Azərbaycan-türk diplomatlarına qarşı terror siyasəti həyata keçirilmiş, cari ildə həmin siyasətin bu gün də dəstəklənməsinin rəmzi olaraq “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı keçirilib.
Qeyd edilib ki, bu siyasətin nəticələrindən biri kimi çıxış edən növbəti hal Livanda baş verib, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycanın Livandakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulub, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb, hasarlara zərbə vurmuş və müxtəlif şüarlar səsləndirib:
"Səfirliyin heyəti arasında xəsarət alan olmasa da, bu kimi hallar azərbaycanlı diplomatların həyat və sağlamlığına zərər vurulması məqsədilə törədilən təxribat kimi qiymətləndirilməlidir. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiyi zaman təxribatı törətmiş şəxslərin oranı tərk etməsi onlar barədə müvafiq məsuliyyət tədbirlərinin görülməsinin qarşısını almamalıdır. Məlumdur ki, beynəlxalq hüquqa əsasən səfirlik binaları toxunulmazdır və hər hansı, müdaxilədən, zərər vurulmasından mühafizə edilməlidir. Hər bir dövlət diplomatik xidmət orqanlarının təhlükəsizliyinin təmini ilə bağlı zəruri tədbirləri görməlidir. Təəssüf ki, bundan öncə də bir neçə dəfə Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən hücumlar edilmiş, müxtəlif vandalizm aktları törədilmişdir. Livandakı səfirliyimizin önündə də ötən il bu cür insident yaşanmışdır. Bu səbəbdən ermənilərin aksiya keçirmək adı ilə radikal hücumlarını davam etdirməsi və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, ittihamyönümlü əsassız şüarlar səsləndirməklə zorakı əməllər törətməsi ciddi narahatlıq doğurur".
Ombudsman bildirib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət təbliğatının daha kəskin hal alması ilə bağlı dəfələrlə açıq müraciətləri olub.
Qeyd edilib ki, bu Azərbaycanofobiya siyasətinin davam etdirilməsi Ermənistanla yanaşı, onun hüdudlarından kənarda da ermənilər tərəfindən müxtəlif formalarda Azərbaycanı hədəfə alan əməllərin törədilməsinə gətirib çıxarır:
"Bu baxımdan, bütün xarici dövlətləri “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməyə, diplomatik nümayəndəliklərin hədəfə alınması hallarını qəti şəkildə pisləməyə, zəruri məsuliyyət tədbirlərinin görülməsinə dəstək verməyə çağırıram".