29 Avqust 2023 18:35
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən humanitar yardım Azərbaycan tərəfindən atılan humanist addımdır. Ermənistan və onun himayədarlarının “humanitar böhran”, “blokada” oyunları fiaskoya uğrayıb. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda həqiqəti dünyanın diqqətinə çatdırır, yalançı erməni təbliğatının qarşısını qətiyyətlə alınır. Rəsmi Bakı problemləri sülh yolu ilə, humanitar gündəliyə əsaslanaraq həll etməyə çalışır. Azərbaycan beynəlxalq ictimaiyyətə açıq şəkildə bildiririk ki, humanitar məsələlərin həlli ilə bağlı proseslər siyasiləşdirilməməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, separatçı hakimiyyətin bu humanitar yardımın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə çatdırılmasına əngəllər yaradacağı gözlənilən idi: “Burada aydın görünür ki, xunta rejimi və separatçılar Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı deyillər. Ona görə də, onlar Azərbaycan ərazisindən bu cür yüklərin gəlməsini arzulamırlar. Əgər həqiqətən də məhsulların çatdırılması üçün təcili humanitar yardıma ehtiyac varsa, o zaman yol açıq olmalıdır və yardım təyinat yerinə getməlidir. Bu baş verməsə, bəlli olacaq ki, erməni tərəfi şou qurur. Bununla Azərbaycana qarşı arqument, təzyiq göstərmək istəyir. Bu isə süni şəkildə gərginliyin yaradılması deməkdir”.

Millət vəkili hesab edir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərə humanitar karvan göndərməsinin xüsusi əhəmiyyəti var: “İlk növbədə, dövlətimiz Qarabağdakı ermənilərin taleyindən narahat olan Ermənistana, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni, Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur. Eyni zamanda, bu ərazilər hər kəs, o cümlədən də Ermənistanın tanıdığı Azərbaycanın suveren torpaqlarıdır. Və burada yaşayan insanlar həqiqətən də “blokada”dırsa, rəsmi Bakı onların problemlərini özü həll edə bilər”.

Deputatın fikrincə, Qarabağdakı ermənilər bundan imtina etsələr özləri-özlərini blokadaya saldıqlarını dünyaya nümayiş etdirəcəklər: “Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa çalışırlar. Əgər Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycana inteqrasiya, dinc yanaşı yaşamaq haqqında düşünürlərsə, bu humanitar yardımı qəbul etməlidirlər. Azərbaycan hər zaman humanist mövqedən çıxış edir, sülhə nail olmaq üçün töhfələr verir. Bu günlərdə Azərbaycan bayrağını təhqir edən və sərhəddə saxlanılan ermənilərə qarşı kifayət qədər humanist cəza tətbiq edilib. Təqsirləndirilən şəxslərin əməllərini səmimi etiraf etmələri nəzərə alınmış, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, humanizm prinsipi tətbiq edilməklə barələrində cinayət təqibinə xitam verilibir. Sözsüz ki, biz heç vaxt dövlətimizə, vətəndaşlarımıza qarşı edilən cinayətləri unuda bilmərik və unutmayacağıq. Lakin biz həm də gələcəyə baxırıq, bütün ağrı, faciə və çətinliklərə baxmayaraq yeni səhifə açmağa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Bütün bunlar rəsmi Bakının Qarabağda yaşayan ermənilərə münasibətdə kifayət qədər səbirli və humanist mövqeyindən xəbər verir. Onlar da öz növbəsində başa düşməlidirlər ki, əgər Azərbaycan bayrağı altında, dinc şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda başqa seçim edərək ərazimizi tərk edə bilərlər”.


Müəllif: Tapdıq Qurbanlı