Separatçıların son təxribatları fonunda onların növbəti hiylələri müşahidə edilir. Xankəndidə özünü qondarma rejimin rəhbəri hesab edən baş separatçı Araik Arutyunyan ötən gün istefa verdiyini açıqladı. Təbii ki, ona verilən təlimat budur. Çünki növbəti hiylə və təxribatları tamam başqa cür icra etmək istəyəcəklər. Azərbaycan-Ermənistan şərti sərhəd xəttində ötən gündən başlanan hərbi təxribatlar da bu məkirli planın tərkib hissəsidir. Sözsüz ki, Azərbaycanın təxribatlara cavabı daha sərt olacaq.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, ötən gün erməni tərəfi Sədərəyi deyil, artıq Ordubadı atəşə tutub:
“Burada məqsəd tamam aydındır. Düşünürlər ki, qan tökülsün və beləliklə mümkün danışıqlar qeyri-müəyyən müstəviyə yönəlsin. Azərbaycanla Ermənistanın heç bir halda sülh danışıqlarında bir araya gəlməsini istəmirlər. Ona görə də, kənardan hər cür təzyiq və təsirlər olacaq”.
Polkovnik hesab edir ki, bu gün bölgədə sülhə cavabdeh olan rus sülhməramlıları tamam başqa məcrada fəaliyyət aparır:
“Rusiya proseslə bağlı tənzimləyici olsa da, Nikol Paşinyanın açıqlamaları üzərindən yerdəki vəziyyətə qiymət verir. Rusiya XİN sözçüsü Mariya Zaxarova Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasına diqqəti yönəltməyi təşviq edir. Bu da başa düşülən deyil. Bunun əksinə rus sülhməramlıları bölgəyə gələn kimi buradan Ermənistana aid bütün qanunsuz silahlılar çıxarılmalı idi. Amma bunların heç biri baş vermədi”.
Üzeyir Cəfərova görə, Azərbaycanın Ordusunun Qarabağda tərkisilah əməliyyatlarına başlaması üçün artıq real zəmin yaranıb:
“Qarşı tərəfin təxribatları Azərbaycanı bu addımı atmağa vadar edir. Separatçıların qondarma vəzifə bölgüsü kimi məsələlər isə burada heç bir məna daşımır. Fikirlər səslənir ki, separatçıların başına Azərbaycanla danışıqlarda iştirak etmiş Samvel Şahramanyan gətiriləcək. Bütün bunlar isə oyunun bir parçasıdır”.