12 Sentyabr 2023 14:10
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində 12 sentyabr 2023-cü il tarixində BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifafə olunaraq, UNOG-un insan hüquqları, gənclər, gender bərabərliyi, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf kimi istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.

Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, 2023-cü ildə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramına (SPECA) sədrlik etdiyi və cari ilin noyabr ayında Bakıda SPECA-nın sammitinin baş tutacağı diqqətə çatdırılıb.

Sülh və təhlükəsizliyin təşviqi, humanitar, sosial-iqtisadi inkişafda bərabərlik kimi prinsiplərin Azərbaycanın SPECA ilə yanaşı, Qoşulmama Hərəkatında sədrliyi və digər beynəlxalq təsisatlardakı təşəbbüslərinin əsas meyarlarını təşkil etdiyi vurğulanıb.

Xanım Valovayanın 2022-ci ildən etibarən Azərbaycana baş tutmuş səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə UNOG-un rəhbərinə minnətdarlıq bildirilib.

Görüş zamanı bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Post-münaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistanın təxribatları diqqətə çatdırılıb. Ölkəmizə qarşı mina təhdidləri xüsusi vurğulanıb. Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassızlığı barədə faktlar qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər