Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanla razılaşdırılmış formada Qarabağdakı erməni əsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatdırıldı. Erməni tərəfinin iddialarının əksinə olaraq yardım Azərbaycan ərazisindən edildi. Sizcə, bu, prosesdə dönüş nöqtəsi kimi digər məsələlərin həllinə necə təsir edə bilər?
- Erməni tərəfi Rusiyanın malını necə qəbul etməməlidir? Ruslar onların ağasıdır. Onu qoyub Azərbaycanın yardımını qəbul etməyəcəklər ki... Bəzən biz bir çox həqiqətləri unuduruq. Reallıq odur ki, bu gün də Qarabağ ermənilərinin bütün rəhbərləri rus kəşfiyyat orqanlarının əməkdaşlarıdır. Bunlar ştatlı və cəlb edilmiş adamlardır. Onların Rusiyadan gələn əmri icra etməməyə hünəri çatmır. Əslində əvvəlcədən bilinirdi ki, yardımı qəbul edəcəklər. Sözsüz ki, bir az özlərini naza çəkməliydilər. Məqsədləri özlərini bir qədər qiymətləndirmək idi. Sözsüz ki, Azərbaycandan edilən yardımı da qəbul edəcəklər. Sadəcə olaraq buna vaxt lazımdır.
- Bununla “aclıq” və “blokada” şousunun sona çatdığını düşünmək olarmı?
- Bu onların maraqlarına uyğun olaraq bir müddət davam edəcək. Çünki onlar bunun xeyir gətirdiyini düşünüb davam etdirəcəklər. Bir reallıq var ki, erməni “milli hərəkatının” rəhbərləri heç də erməni xalqını düşünmür. Sadə ermənilərin rahatlığı, rifahı, təhlükəsizliyi onların vecinə də deyil. Onlar üçün əsas olan amil əldə edəcəkləri mənfəətdir.
- Qondarma "seçki" ilə bağlı gözləntilərin nəticəsi necə oldu?
- Beynəlxalq ictimaiyyət üçün orada hansısa erməninin özünü rəhbər təyin etməsi qətiyyən maraqlı deyil. Burada əsas amil qüvvələr nisbətidir. Azərbaycan güclüdür. Ona qarşı çıxan qüvvələr isə zəifdir. Azərbaycan haqlı tərəf olduğu üçün beynəlxalq hüquq ölkəmizin tərəfindədir. Əgər ermənilərin hansısa bir haqlı tərəflərii olsa idi 30 il ərzində onları tanıyardılar. 30 il keçdi və ermənilər müharibədə məğlub oldular. Yenə də əvvəlki mövqelərində durmaq istəyirlər. Amma bu alınmayacaq.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nikol Paşinyanla telefon danışığının xronikası ilə bağlı nə demək olar?
- Bəzən deyirlər ki, Ərdoğan Paşinyana irad bildirib və s. Əslində Türkiyə Prezidenti Paşinyana irad bildirməyib. Çünki Paşinyan onun üçün heç kimdir. İradı o şəxsə bildirərlər ki, onun müəyyən müstəqil siyasəti olsun. Paşinyanla bağlı məsələ fərqlidir. Ona görə də, Ermənistan tərəfi nəhayət özləri-özlərinə hörmət etməyi bacarmalıdır. Onlar ancaq dilənçilik, etməyi, yanalçılığı bacarır. Ərdoğanın da Paşinyana dediyi o oldu ki, çalış, özünə hörmət qoy.
- Azərbaycan-Ermənistan arasında gərginlik fonunda yeni müharibə riskini necə dəyərləndirirsiniz?
- Mühairbə əslində davam edir. Çünki müharibənin müxtəlif mərhələləri olur. 1988-ci fevralından başlayan müharibənin növbəti mərhələsi gedir. Burada proseslər fərqli müstəvilərə keçib. Bəzən qaynar müharibə dövrünü də müşahidə etmək olur. Soyuq müharibə halında isə tərəflər ittihamlarla bir-birini hədələyir.
- İranla Azərbaycan arasında sıx təmaslar var. Artıq gərginliyin arxada qaldığını söyləmək olarmı?
- Ermənistanın vəziyyəti çox pisdir. Bu ölkə İrandan, Hindistandan, Fransadan özünə dayaq axtarır. Bu gün Ermənistan cəmiyyətinin kəmsavad hissəsi İrana ümid edir. Paşinyan tərəfdarları isə Qərbə meyllənib. Erməni cəmiyyətində bu tərzdə bir daxili parçalanma mövcuddur. İran-Azərbaycan münasibətlərində isə orada yaşayan azərbaycanlılar amili unudulmamalıdır. İran hökuməti nə qədər sərt mövqe sərgiləsə də onun beynində daimi bir amil dayanır. Bu da Təbriz, Ərdəbil, Urmiya, Zəncan və s bölgələrlə bağlıdır. Çünki onlar bu amili heç vaxt unutmur. İran tərəfi nə qədər zilə qalxsa belə bunun yuxarı həddini gözəl anlayır.