Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüş təklif edib. Amma çox təəssüf ki, Ermənistan bu dəfə prosesi pozub. Onlar yenə də Qarabağdakı qanunsuz separatçı rejimi dəstəkləyirdi. Separatçılar isə danışıqların aparılmasının əleyhinə çıxırdı. Ermənistana aid 10 minə yaxın qanunsuz silahlı birləşmənin və separatçı rejimin Azərbaycan ərazisində mövcudluğu ölkə qanunlarına, beynəlxalq hüquqa tamamilə zidd idi.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Azərbaycan dəfələrlə Ermənistana bu silahlıların ərazimizdən çıxarılmasını tələb etmişdi: “Çünki bura Azərbaycan ərazisidir. Azərbaycan ərazisində isə qanunsuz silahlı ola bilməz. 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasında bu məsələ yer alıb. Nikol Paşinyanın həmin razılaşmada imzası var. Amma bu silahlılar bu günə qədər ərazidə saxlanılmışdı. Ona görə də, Azərbaycan haqlı olaraq suveren ərazisində antiterror tədbirləri həyata keçirib”.
Millət vəkili hesab edir ki, bu Azərbaycanın haqqıdır: “Ölkə Konstitusiyasında bu hüquqlar açıq şəkildə təsbit edilib. Ona görə də, Azərbaycanın Konstitusiya quruluşuna qəsd edən separatçıya, terrorçuya, qanunsuz silahlıya aman verilə biməz. Bundan sonra belə cəhdlər olacaqsa, eyni prinsiplər tətbiq ediləcək. Azərbaycan separatçılara, qanunsuz silahlılara silahı yerə qoyub, ağ bayraq qaldırıb təslim olmağı təklif etməsi onlar üçün ən yaxşı seçim idi”.
Komitə sədri Azərbaycan Ordusunun mülki vətəndaşlara, mülki obyektlərə atəş açmadığını bildirib: “Ordumuzun əsas hədəfi qanunsuz silahlı birləşmələr idi. Bu gün azad edilmiş ərazilərdə yenidən mina basdırılması və başqa təxribat halları həyata keçirilirdi. Orada polislər, mülki vətəndaşlar mina terroruna məruz qalırdı”.