“Azərbaycanın güc strukturları Ali Baş Komandanın əmri ilə 24 saat ərzində Qarabağda yüksək peşəkarlıq göstərərək ərazilərimizi erməni separatçılardan təmizlədilər. Mükəmməl plan əsasında aparılan təmizləmə işləri zamanı bir nəfər də olsun mülki şəxsə zərər dəymədi. İlk saatdan bəyan etdik ki, bölgədəki etnik erməni azlıqlar münaqişəyə cəlb edilməməlidir. Biz etnik ermənilərə təhlükəsiz ərazilərə getmək üçün dəhlizlər açdıq, sığınacaqlar yaratdıq. Bütün dünya apardığımız antiterror təddirlərinin peşəkarlığına, beynəlxalq hüququn normalarına uyğunluğuna həsəd apardı. Hədəfimiz yalnız legitim hərbi mövqelər oldu. Məqsədimiz Qarabağı terrorçulardan təmizləmək, oradakı qondarma rejimi ləğv etmək, konstitusion quruluşumuzu bərpa etmək idi. Biz məqsədimizə çatdıq və növbəti parlaq qələbəmizi əldə etdik”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tək separatçıları tərksilah etmədi, həm də onları himayə edən dövlətlərə, təşkilatlara gücünü göstərdi: “Antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycana çoxlu çağırışlar oldu, ölkə prezidentinə zənglər edildi. Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı təmizləmə tədbirlərini zəruri edən faktorları sadaladı. Bildirdi ki, ermənilərin təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün bölgədə lokal xarakterli antiterror tədbirləri aparılıb. Ali Baş Komandan dünyanın ən güclü bir dövlətinin rəsmisinə açıq şəkildə bildirdi ki, əgər ermənilər silahı yerə qoyarlarsa, antiterror tədbirləri dayandırılacaq. Belə də oldu. Separatçılar ağ bayraq qaldıraraq Bakının şərtlərini qəbul etdilər və Yevlaxda görüş keçirərək digər məsələlərin müzakirəsinə razılıq verdilər. Hətta bölgədəki Rusiya sülhməramlı kontingenti də bizim lokal antiterror tədbirlərimizə qarışmadılar. Bu tədbirlər Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinə xələl gətirmədi. Əksinə Rusiya mətbuatı, rus siyasi ekspertlər Azərbaycanın bu tədbirlərinə soyuqqanlı yanaşdılar, hətta dəstəkləyənlər də oldu. Sülhməramlıların məsuliyyət zonasında olan bir ərazidə uğurlu antiterror tədbirləri həyata keçirmək dünyada çox nadir görünən hallardan biridir. Biz bunu bacardıq! Digər çox vacib məqamlardan biri də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT kürsüsündə Azərbaycana tam dəstək verməsi oldu. Onun çıxışı möhtəşəm idi və alqışlarla qarşılandı”.
Politoloq qeyd etdi ki, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də sentyarbrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi, onun əmrlərini dəstəklədi. Azərbaycan dövləti təkcə döyüş meydanında deyil, dünyada qalib gəldi. Dövlətimiz öz nüfuzunu, mövqeyini sonadək qorudu və həyata keçirdi. Dövlətimiz xalqımızı daha da ucalara qaldırdı. Bir gün ərzində nümayiş etdirilən güc və əldə olunan qələbə həm ermənilərə, həm də onların havadarlarına, Azərbaycana hədə-qorxu gələnlərə tutarlı cavab idi. Onlar Azərbaycan dövlətinin gücünü gördülər. Prezident İlham Əliyevin sözü imzası qədər dəqiqdir. Nəyə nə vaxt və necə etmək lazım olduğunu bilən Ali Baş Komandan dünyaya göstərdi ki, Azərbaycan ərazisində separatizmə, “boz zona”ya yer yoxdur. Qarabağın dinc erməni sakinlərinə gəldikdə isə onlar digər vətəndaşlarımız kimi, konstitusion hüquqları qorunmaqla burada qalıb yaşaya biləcəklər. Biz xoşbəxt xalqıq və fəxr edirik ki, bizim qətiyyətli, bacarıqlı müzəffər Ali Baş Komandanımız var”.