25 Sentyabr 2023 13:39
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qısa müddətli antiterror tədbirlərindən sonra Qarabağda reinteqrasiya prosesi ardıcıllıqla icra edilir. İlkin olaraq ərzaq göndərildi, bunun ardınca yanacaq-sürtgü materialları Xankəndiyə çatdırıldı. Ötən gün isə Xankəndi şəhəri Azərbaycanın ümumi enerji sisteminə qoşuldu. Bu, vacib amillərdir. Azərbaycan qanunlarını qəbul edib yaşamaq istəyən ermənilərə normal şərait yaradılacaq. Getmək istəyənlər üçün isə yol açıqdır. İnsan sərbəst qərar verə bilmək hüququna malikdir. Ona görə də, qalıb-getməklə bağlı onlar qərar verəcəklər.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, zorla kimisə Qarabağda saxlamaq olmaz:

“Azərbaycan tərəfi onlara din, təhsil, seçki, mədəniyyət və digər hüquqlarla bağlı izahat verib. Bunu normal qarşılayanlar qalıb yaşayacaqlar. 35 illik yanlış bir təbliğat var. Bir anlığa nəyəsə nail olmaq çətindir. Köhnə ədavət hissini üstələmək üçün zamana ehtiyac var. Çıxıb gedən ermənilər ibtidai hislərin əsarətində olanlardır. Azərbaycan ermənilərin getməsində maraqlı deyil”.

Politoloq Ermənistanla mümkün sülh gündəliyinə də toxunub:

“Dövlətlərin barışığı sonrakı proseslərə təsir edəcək. Qranadada (İspaniya) Azərbayan və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı müsbət yanaşmalar səslənir. Tərəflər danışıb, razılaşıb ilin sonuna kimi sülh müqaviləsi imzalaya bilər. Bundan sonra Türkiyə ilə Ermənistan da iqtisadi, insani əlaqaləri bərpa ediləcək. Azərbaycanla demarkasiya işləri aparılacaq, nəqliyyat dəhlizləri işə düşəcək. Beləliklə iki qonşu ölkə arasındakı münasibətlərə uyğun şərait yaranacaq”.

Zərdüşt Əlizadəyə görə, Azərbaycanın Qarabağ erməniləri ilə bağlı atdığı addımlar proseslərə müsbət təsir edəcək:

“Qarabağda qalmış separatçıların rəhbərləri ilə Azərbaycanın müvafiq qurumları söhbət aparacaq. Cinayət törədənlər cəzalanacaq, digərlərini isə tənbeh edib buraxacaqlar. Faktiki bu gün Xankəndidə Azərbaycan resursları işləkdir. Zaman etibarı ilə Azərbaycan qanunlarına da hörmət olacaq və burada suverenlik təmin ediləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər