28 Sentyabr 2023 09:05
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ, Fransa, Almaniya və bir sıra digər Avropa dövlətlərindən Azərbaycana “beynəlxalq müşahidəçilərin Qarabağa daxil olmasına imkan yaradın” çağırışları var. Qərbin gündəmindəki bu tezisin arxasında hansı məqamlar və ya niyyətlər durur?

- Zənnimcə, bunun arxasında çox mənfur niyyətlər var. Qarabağdan gedən erməniləri geri qaytarmaq, onlar üçün bir “status” almaq, nəticədə normal düzənə düşmüş vəziyyəti yenidən mürəkkəbləşdirmək istəyirlər.

Azərbaycan Qərbin bu “canıyananlığını” zərrə qədər də qəbul etmir. Bizim torpaqlarımız işğalda olanda, bir milyondan çox insanımız etnik təmizləməyə məruz qalanda onlar ağızlarına su alıb susmuşdular. Bunlar haqda bir kəlmə də danışmadılar, danışmırlar. Amma indi ermənilərin özləri çıxıb gedirlər, bu ərazilərdə yaşamaq istəmirlər. Ümumiyyətlə, ermənilər gəzəyən xalqdır. Bir də görürsən, çıxıb gediblər İspaniyaya, bu gün burdadırlarsa, sabah səsləri Fransadan gəlir və sair.

Gedən ermənilərin hansından soruşursan, deyir, özüm çıxıram, azərbaycanlılarla yaşamaq istəyirəm, amma vəziyyət elə gətirdi ki, biz onların qarşısında xəcalətliyik. Bu baxımdan, Qərbin ermənilərə “qayğıkeşliyi”, onları geri qaytarmaq istəyi müəyyən məqsədlərdən xəbər verir.

Gedənləri geri qaytarmağa çalışan Qərb öz məqsədlərinə nail olmaq üçün “ermənilərin təhlükəsizliyinin təmin edilməsində beynəlxalq nəzarət mexanizminin tətbiqi”ndən danışır. Gedən gedir, yaxşı yol, qalanları da qalsınlar, Azərbaycan cəmuyyətinə inteqrasiya etsinlər, adaptasiya olsunlar.

Necə 200 ildən çox bir yerdə yaşamışıq? Yenə də yaşaya bilərik. Amma quldurla, qaçaqla, qiyamçıyla, separatçıyla, terrorçuyla bir yerdə yaşamaq fikrimiz yoxdur. Belələri bilməlidirlər ki, onların yeri Azərbaycan deyil.

- Bəs Bakı “beynəlxalq müşahidəçilər”in ərazimizə daxil olmasına razı ola bilərmi?

- Azərbaycan buna razı olmayacaq. Rəsmi Bakı buna imkan verməyəcək. Bu, vəziyyəti əvvələ - gərgin fazaya qaytarmaq, yenə də bölgədə ciddi qarşıdurmaların yaranması demək olardı. Belə bir şey erməni qiyamçılarının və ya separatçılarının yenidən silahlanaraq Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı çıxmasına zəmin yarada bilər. Ona görə də, Azərbaycan belə bir mənfur niyyətin həyata keçməsinə heç vaxt imkan verməyəcək.

- ABŞ-ın Ermənistana “qəfil” artan marağı nə ilə bağlıdır? Bu, Azərbaycan, yoxsa erməni ekspertlərin iddia etdikləri kimi, Rusiya və İranla əlaqəlidir?

- Zənnimcə, daha çox Rusiya və İranla bağlıdır. İlk növbədə, Rusiya ilə əlaqəlidir. Amerika Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Ümumiyyətlə, ABŞ Rusiyanı dünyanın hər yerində sıxışdırmağa, onun imkanlarını heçə endirməyə çalışır. Elə İranın özünü də.

İranla Rusiya arasında geniş müttəfiqlik əlaqələri var. İran da beynəlxalq cameə üçün təhlükəlidir. Rusiyanı sıxışdırıb bölgədən çıxarmağa çalışan ABŞ NATO və İsraillə birlikdə İrandakı fars-molla rejiminin taleyini həll etmək niyyətindədir. Zənnimcə, Ermənistandakı fəallıq bununla əlaqəlidir. Hesab edirəm ki, Rusiya müharibədə Ukraynaya məğlub olsa, bu məsələ də həllini tapacaq.

- Amerikanın, ümumən Qərbin Cənubi Qafqazda güclənməsi Azərbaycanın maraqlarına nə qədər toxunur və ya cavab verir?

- Hər şeyi nisbi qiymətləndirmək lazımdır. Amerika Rusiya ilə müqayisədə daha cazibədar görünür. Amerika inkişaf etmiş dövlət kimi diqqəti cəlb edir. Rusiya 200 il Azərbaycanı işğalda saxlayıb. Bütün məsələlərdə xristian ideologiyası və ikili standartlardan çıxış edərək, Azərbaycana qarşı Ermənistanı qorumağa çalışıb.

Əlbəttə, Amerika da Ermənistana münasibətdə ermənipərəstdir, amma məncə, Azərbaycana da dəyər verən dövlətdir.

- Ermənistanın ABŞ-la yaxınlaşmasına Rusiyanın cavabı necə ola bilər?

- Əlbəttə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyir. Rusiya onsuz da Ermənistanda böhranlı vəziyyət yaradıb, indi bu durumu daha da gərginləşdirməyə çalışır. Məqsədi budur ki, Ermənistanda bir xaos yaransın və onun “5-ci kolon”u bundan istifadə edərək Nikol Paşinyanı devirsin.

Amma mən hesab etmirəm ki, Ermənistandakı qüvvələr nisbəti Rusiyanın xeyrinədir, əksinə, Nikol hakimiyyətdə möhkəm oturub. Həm amerikalılar, həm də avropalılar onu ciddi şəkildə qoruyurlar. Rusiyanın Ermənistandakı “5-ci kolon”u isə çox zəifdir. Adi bir mitinqə 500-1000 nəfəri cəlb edə bilmirlər.

Məncə, Rusiya Ermənistanda hakimiyyət çevrilişi etmək və öz adamlarını iqtidara gətirmək planında uğur qazana bilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər