Azərbaycanın haqlı maraqları ən yüksək səviyyədə təmin edilir. Bu, tarixi andır. Biz çox xoşbəxt xalqıq ki, bugünkü günləri yaşayırıq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, erməni hiyləsi bu gün yenə də dayanmır:
“Buna qarşı biz də bütün imkanlarımızı səfərbər etməliyik. Yaxşı olardı ki, xarici dil bilgisi olan həmkarlarımız və digər dostlarımız ermənilərin əsl hiyləsi və niyyəti ilə bağlı həqiqətləri dünyaya bəyan etsinlər".
Deputat Ceyhun Məmmədov qeyd edib ki, Ermənistan özünün işğal siyasətinə uyğun olaraq vaxtilə azərbaycanlıları öz yurd-yuvasından didərgin salmışdı:
"Bu ağrılı günlərin şahidi olmuşam. Cəbrayılın ermənilər tərəfindən işğalı zamanı Araz çayını keçib xilas olmaq üçün belə imkanlarımız qalmamışdı. Amma buna baxmayaraq Ermənistan bu gün Azərbaycanı bir sıra absurd məsələlərdə ittiham edir.
Tarix və reallıq isə tamam başqadır. Vətən müharibəsindən sonra yeni bir reallıq yaranıb. Bu reallıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsini tələb edirdi. Ona görə də, Qarabağda bərpa edilən suverenliklə bağlı tədbirlər ölkəmizin Konstitusiya quruluşunun bərpasına xidmət edir".
Deputat Elman Nəsirov erməni tərəfi yenə də məkrli oyun oynayır: "Azərbaycandan xahiş edirlər ki, 30 avtobus göndərin, ermənilərin Qarabağdan sürətli şəkildə çıxarılması təmin edilsin".
O qeyd edib ki, Ermənistanın bu hiyləsinin arxasında heç də Qarabağ ermənilərin taleyi dayanmır: "Erməni tərəfi məhz Rusiyaya qarşı bu addımları atır. Qarabağdan ermənilərin çıxarılması ilə Ermənistan buradan rus sülhməramlılarının daha lazım olmamasını gündəmə gətirəcək. Bunun ardınca isə Ermənistan ərazisindəki 102 saylı Rusiya hərbi bazasının çıxarılmasını tələb edəcək".