“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizim möhtəşəm Zəfərimizi təşkil edən parlaq qələbə idi. II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri də məhz 4 oktyabr tarixidir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili xatırladıb ki, məhz 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb taixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Bu parlaq qələbə hərbi əməliyyatların ilk günlərindən Azərbaycan əsgərinin qətiyyətini və gücünü bütün dünyaya göstərdi, işğalçı erməni ordusunu vahiməyə salaraq, onların döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurdu”.
Deputat bildirib ki, Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərib: “Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan da çox önəmli hadisə idi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi olaraq vurğuladı. Müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri erməni işğalçılarından təmizlənmişdi. Oktyabrın 3-də isə Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Bu qələbələr Şanlı Ordumuza əlavə güc verdi. Nəhayət, oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin işğaldan azad edildiyini bəyan etdi. Bununla da Cəbrayılın işğalına son qoyuldu. Məhz Cəbrayılın azad edilməsi Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Həmin möhtəşəm tarixi gündən artıq üç il keçir. Üç ildir ki, Azərbaycan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımızı çıxardığı zəfər yolu ilə uğurla irəliləyir, qələbələrimiz davam edir. Cari ilin aprel ayının 23-də Ermənistanla sərhəddə Laçın sərhəd buraxılış məntəqəsinin qurulması da, sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin nəticələri də xalqımızın əldə etdiyi möhtəşəm qələbələrdir”.
K.Qafarov qeyd edib ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Cəbrayılın azad edilməsindən danışarkən, bu hadisələrdən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını xatırlamamaq ədalətsizlik olardı. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarına Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıya qayıdışla başlayıb”.