23 Oktyabr 2023 12:08
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın fitvası ilə gərginliyin artması Ermənistana ziyandır. Faktiki olaraq Fransa bununla ikiüzlü siyasətini ortaya qoyur. Cənubi Qafqazda sülh tərəfdarı olduğunu göstərməyə çalışan Fransa digər tərəfdən Ermənistanı silahlandırır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın Nizamnaməsinə zidd hərəkət edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, Fransanın Cənubi Qafqazda gərginlik yaratmaqda məqsədi tamam başqadır:

“Afrikadan və digər yerlərdən qovulan Fransa indiki halda Cənubi Qafqazda özünə dayaq axtarır. Sual olunur ki, Fransanın Cənubi Qafqazda nə işi var? Qafqaz hara, Fransa gara? Bu ölkə sülh tərəfdarıdırsa, Azərbaycanın təklif etdiyi 5 bəndlik prinsipləri təlqin və təbliğ etsin... Çünki sülhlə bağlı Ermənistana təsir olunmalıdır. Amma hazırda bunun əksi müşahidə edilir”.

Komitə sədri, Fransa Ermənistanın sülhə doğru atdığı addımlardan çəkindirdiyini bildirib:

“Bununla da Ermənistan daha böyük bataqlığa sürüklənir. Əslində Fransa Ermənistana olan sevgisindən bunu etmir. Qətiyyən belə deyil. Ermənistanda başa düşməlidirlər ki, Fransa öz maraqlarını güdür. Sadəcə olaraq Fransa bölgədə möhkəmlənmək istəyir”.

Ziyafət Əsgərov hesab edir ki, indiki halda Fransanın Ermənistanı silahlandırması bölgədə gərginliyə səbəb olacaq:

“Dünyada gərginliyin artdığı bir dövrdə Fransanın bu körükləyici siyasəti başadüşülən deyil. Faktiki olaraq Fransa BMT Nizamnaməsinin əleyhinə olaraq gərginliyin artmasında maraqladır. Fransa hər yerdə olduğu kimi Qafqazda da neokolanizm siyasətini davam etdirmək istəyir. Bu onun öz maraqlarını reallaşdırmaq niyyəti ilə bağlıdır. Sözsüz ki, Azərbaycanın bu hallara qarşı cavabı var və olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər