Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycana işgüzar səfəri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Teleqraf.com xəbər verir ki, Mərkəzin direktorunun birinci müavini Fərqan Novruzov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə Ümummilli Liderin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektlərinin virtual şəkildə təqdim olunduğu Heydər Əliyev Muzeyi ilə tanışlıq Xorvatiya Baş nazirində böyük maraq doğurub.
Qonaq Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsindəki avtomobillərə baxıb.
Baş nazir Andrey Plenkoviç Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Sonda Xorvatiya Baş nazirinə xatirə hədiyyəsi təqdim edilib.