Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Qərb ölkələrinin müdaxiləsi olmadan Cənubi Qafqazda böyük qüvvəyə çevrilib.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, Azərbaycanın güclənməsi Amerikada müəyyən siyasi dairələri narahat edir:
"Azərbaycan artıq onların nəzarətindən çıxır. Vaxtı ilə "Minsk qrupu"nun çərçivəsində və onların vasitəçiliyi ilə guya məsələlər həll olunmalı idi. Amma biz artıq "Minsk qrupu"nu da dəfn elədik. Otuz il ərzində gördük və anladıq, özümüzə nəticə çıxartdıq. Təbii ki, bu onları çox narahat edir. ABŞ-ın ifadələri əsassız sözlərdir. Biz Ermənistanla sülh sazişi imzalamağa hazırıq. Təkliflərimizi irəli sürmüşük. Sadəcə onlardan cavab yoxdur. Etnik erməniləri heç kəs burdan qovmayıb. Özləri çıxıb gediblər. Onları yenidən qəbul etməyə, təhlükəsizliyini, hüquqlarını qorumağa hazırıq. Bunu biz dəfələrlə bəyan etmişik.Bizə hansısa formada göstəriş verməyin nə mənası nə də ki, səbəbi yoxdur. Ona görə addımlarımızı doğru atmalı, əlaqələrimizi gücləndirməliyik".
Fikrət Sadıqov bildirib ki, Rusiya sülhməramlılarının burda olması razılığımız olduğu üçün baş tutdu:
"Hər hansı yeni bir danışıq yalnız bizimlə müzakirə olunmalıdır.
Rusiya sülhməramlıları 2025-ci ilə kimi burda qalmalıdır. Bəlkə də tez çıxası oldular. Çünki mövqelər onlar tərəfindən nəzarət olunmur. Rusiya sülhməramlılarını əvəzləmək Azərbaycan ərazisində yalnız ölkəmizin razılığı nəticəsində ola bilər. Bizdə də belə planlar yoxdur.
Burda hansısa hərbi kontingent yerləşdirmək tamamilə absurddur. Bizim buna heç bir razılığımız yoxdur".