Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə keçirilən görüşü vacib idi. Bu, artıq 5-ci görüş oldu. Sonuncu görüş bu ilin iyulunda baş tutmuşdu. Həmin vaxtdan sonra erməni tərəfinin bu görüşlərdən imtina etməsi nəticəsində prosesdə fasilə yaranmışdı. Buna baxmayaraq tərəflər arasında təmasların olması yaxşı əlamətdir.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
“Ermənistan tərəfi bu görüşə gəlibsə, bunun özü də bir reallıqdır. Çünki bu kimi görüşlərdən qaçmağın perspektivi yoxdur. Əvvəl-axır bu görüş baş tutmalı idi. Ümid edək ki, bu görüşlərin davamı olacaq. Beləliklə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi daha intensiv şəkildə davam edəcək. Ötən gün Qazaxda baş tutan görüşdə reqlament, görüşlərin təşkili, texniki məsələlərlə bağlı razılıq əldə edilib. Hər bir halda bu təqdirəlayiq haldır”, – deyə o qeyd edib.
Millət vəkilinə görə, Cənubi Qafqazda sülhün olması üçün Ermənistanla Azərbaycan bir araya gəlməlidir:
“Sülh məsələsində Azərbaycan mövqeyini ortaya qoyub. Ermənistana dəfələrlə çağırış edilib. Erməni tərəfi də anlamalıdır ki, ona havadarlıq edənlər prosesə öz mənafeyi naminə yanaşır. Kənar maraqlar isə regionda sülhə, təhlükəsizliyə xidmət etmir”.
Ziyafət Əsgərov Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülhü manipuliyasiya edən açıqlamalarına da münasibət bildirib:
“Ərazi iddiasına qalsa, Simonyan başa düşməlidir ki, onların hazırda yaşadığı ərazi Qərbi Azərbaycandır. 30 il Azərbaycan torpaqlarının 20 faizini Ermənistan işğalda saxlayıb. Erməni tərəfinin indiki halda ərazi iddiası ilə çıxış etməsi gülünc görünür. Faktiki olaraq Ermənistan qədim Azərbaycan torpaqlarında formalaşıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürmür. Tarixi xəritələri, sənədləri ortaya qoyub ermənilərin bu ərazilərə gəlmə olduğunu sübut edə bilərik. Ona görə də, Simonyanın sülhdən danışıb, ərazi iddiası ilə çıxış etməsi həyasızlıqdan başqa bir şey deyil”.