ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı senatda, konqresdə süni əngəllər yaradılırdı. Beynəlxalq münasibətlərdə bu cür açıq-aydın davranış təbii ki, yolverilməz idi. Xüsusilə ABŞ Senatının Xarici Əlaqələr komətisinin keçmiş sədri Bob Menendezin qərəzli mövqeyi görünməmiş məsələ idi. O, Azərbaycana qarşı qərəzli mövqeyini nümayişkaranə şəkildə büruzə verirdi. Menendez heç də ermənipərəst olduğunu və ermənilərin sifarışlərini yerinə yetirdiyini gizlətmirdi. Onun bu davranışlarının necə yekunlaşdığını isə hər kəs gördü.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından sonra konqesdə və senatda Azərbaycana qarşı münasibətin tamamilə dəyişdiyini söyləmək də reallıqdan uzaqdır:
“Azərbaycana qarşı işləyən qüvvələr olub, mövcuddur və bundan sonra bu yanaşma davam etdirələcək. İndi isə fərq tam başqadır. Azərbaycana absurd fikirlərlə hücum edən qüvvələr indi hər şeyi başa düşür. Onlar anlayırlar ki, indi fərqli Azərbaycan var. Fərqli Azərbaycanla isə başqa tərzdə, dildə danışmaq lazımdır”.
Millət vəkilinə görə, gözlənilən odur ki, ABŞ-Azərbaycan münasibətləri bundan sonra qarşılıqlı və başadüşülən olacaq: “Vaşinqtonun Bakıya göndərdiyi yeni səfirdən gözləntilər çoxdur. Səfir açar rolunda olan fiqurdur. Sözsüz ki, bu, çətin və problemli olacaq. Bu çətinliyin və problemlərin mahiyyəti Azərbaycanın müstəqil siyasətinin içərisindədir”.
AŞPA təmsilçisi hesab edir ki, Azərbaycan mövcud reallığı şəhidlər, qurbanlar verərək, qan tökərək torpaqlarını geri qaytarmaqla suverenliyini təmin edərək formalaşdırıb:
“Bundan sonra da Azərbaycan mübarizəsinə davam edəcək. Ölkəmiz qarşılıqlı münasibətə uyğun siyasətin tərəfdarıdır. Bütün bunların fonunda Azərbaycan özünə qarşı təsirlərə, təzyiqlərə, qərəzli münasibətlərə cavab verməyə hazırdır”.
Səməd Seyidovun fikrincə, ABŞ-ın Azərbaycana yeni səfir təyinatı müsbət haldır: “Blinkenin xahişindən sonra Azərbaycanın qəbul etmədiyi tonla danışan şəxs (Dövlət katibinin köməkçisi Ceyms O`Brayn) artıq Bakıya gələcək. O Azərbaycanda görüşlər keçirərək ABŞ-dakı məlum dinləmələrdəki absurd fikirləri təkzib etmək məcburiyyətində qalacaq”.