Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşmalar sülh müstəvisində irəliyə doğru atılmış addımdır. Sözsüz ki, burada prosesin nə qədər irəliləyəcəyi önəmlidir. Yəni bunun sülh müqaviləsi ilə nəticələnib-nəticələnməyəcəyini söyləmək də çətindir.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O bildirib ki, müəyyən formatda ikitərəfli danışıqlar kanalının açılması yaxşı əlamətdir: "Azərbaycan Prezident Administrasiyası ilə Ermənistanın baş naziri aparatı arasında birbaşa əlaqə yaradılıb. Bu, sözsüz ki, ümidverici bir haldır".
Politoloq hesab edir ki, prosesin bu şəkildə davam edəcəyi gözləniləndir:
“Gərginliyin məhz bu kontekstdə yumşaldılacağı ehtimalı var. Hər halda bundan sonra getdikcə münasibətlər bərpa olunacaq. Görünən odur ki, tərəflər sülh sazişinə doğru irəliləyir”.
Fərhad Mehdiyevə görə, vasitəçi olmadan tərəflərin əldə etdiyi razılıq da diqqətdən kənar qalmamalıdır:
“Ümumilikdə vasitəçilərin olması istisna edilmir. Görüşlərin bundan sonra vasitəçi ilə olması ehtimalı var. Sözsüz ki, vasitəçi araya girdikdə burada üçüncü maraqlar da ortaya çıxır. Çünki onların da öz maraqları var. Ola bilsin ki, texniki məsələlərin həllində vasitəçilərə ehtiyac yaransın. Vasitəçilər qalsa da əsas qərarlar ikitərəfli qaydada əldə edilən razılaşmada veriləcək”.