Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ilk dəfə olaraq Azərbaycanla Ermənistan arasında müəyyən məsələlərlə bağlı razılıq əldə edildi. Necə düşünürsünüz bu prosesin davamı sülh üçün nə dərəcədə təsirli ola bilər?
- Əslində iki dövlət arasında əldə edilən bu razılaşma bir çox hallarda düzgün qiymətləndirilmir. Bu, niyyət barəsində verilən birgə bəyanatdır. Sülh, danışıqlar yolu ilə məsələni həll etmək üçün tərəflər niyyətini ifadə edib. Digər razılıqlar isə texniki xarakter daşıyır. Hələlik ikitərəfli formatı göstərmək, ona dəstək vermək üçün Ermənistan və Azərbaycan belə bir bəyanat yayıb. Bu da onu göstərir ki, Ermənistan da birbaşa danışıqlarda maraqlıdır.
- Razılaşmanın əsas arqumentləri ilə bağlı fərqli fikirlər var. Bunlar nədən ibarətdir? Yəni az qala yarım əsr əlaqə yaratmayan dövlətlərin birdən-birə bütün məsələləri bir bəyanatla həll etmək gözləntisi nə dərəcədə məntiqli idi?
- Bu razılaşmada əsas prinsip tərəflərin məsələləri sülh, danışıqlar yolu ilə həll etmək niyyəti göstərilir. Tərəflər ortada olan problemləri danışıqlar yolu ilə həll edəcəklərini bəyan edir. Bu baxımdan ilkin olaraq bu addımı siyasi bəyanat kimi dəyərləndirmək olar. Amma burada heç də real razılaşmalardan söhbət getmir. Çünki qarşıda duran məsələlər öz həllini tapmalıdır. Ona görə də, bunu sülh sazişinə bənzər razılaşma kimi qiymətləndirmək olmaz.
- Ermənistan ilk dəfə olaraq Azərbaycanın xeyrinə geri addım atdı...
- Bu, xoş niyyət və qarşılıqlı olaraq etimad mühiti yaratmaq üçün edilib. Bu, sadəcə olaraq misaldır. Əsas danışıqlar qarşıdadır. Çünki əsas məsələlərdə razılığın olması bir qədər zaman alacaq. Burada tərəflərin mövqeləri fərqlidir. Ona görə də, bu, müsbət hal olsa da, proseslərin əsas həlli qarşıdakı dövrü əhatə edəcək.
- Sizcə, vasitəçi olmadan tərəflərin bundan sonrakı məsələlərdə razılaşması ehtimalları nə dərəcədə yüksəkdir?
- Ermənistan vasitəçiliklə mövqeyinə dəstək almaq iddiasında idi. Azərbaycan belə vasitəçiliyi qəbul etmir. Çünki birtərəfli vasitəçilik olmur. Ona görə də, birbaşa danışıqların olması təklif edildi. Bu da müsbət haldır. Ermənistan da artıq birbaşa danışıqların tərəfdarı olduğunu göstərdi.
- Razılaşmanın ABŞ dövlət katibinin müavini Ceyms Obraynın Azərbaycana səfəri ilə əlaqəsi haqqında hansı yanaşmalar var?
- Bu, elə də inandırıcı deyil. Çünki əldə edilən razılaşmalar Vaşinqton görüşlərində yox idi. Bunlar fərqli mövzulardır. Sadəcə olaraq ikitərəfli formatın nəticəsidir. Məhz ona görə də, bəyanatı yayan, danışıqları aparan qurumlar oldu. Bu, Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş nazirinin aparatı idi. Hansısa vasitəçiliklə yox, birbaşa danışıqlar aparıldı. Obraynın səfərindən sonra açıqlama yayıldı. Orada qeyd edildi ki, ABŞ birbaşa danışıqları dəstəkləyir. Artıq bu qərarı və formatı Vaşinqton dəstəkləməyə məcbur oldu.
- Obraynın iddiaları hansı məsələləri əhatə edirdi?
- Guya hansısa razılaşmalar əldə olunsa da Azərbaycan o çərçivədən çıxıb. Amma məsələlərə diqqətlə yanaşsaq, bu addım Obraynın ikinci bəyanatına uyğun oldu. Yəni Azərbaycanın mövqeyi ondan ibarət idi ki, əgər ABŞ Obraynın dediyi mövqedədirsə və bizə qarşı sanksiyalar qüvvədə qalıbsa, o zaman ikitərəfli danışıqlara üstünlük veriləcək. Azərbaycanı da bu kontekstdə ittiham edirdilər ki, guya biz danışıqlardan yayınırıq. Azərbaycan Ermənistanla əldə edilən razılıqla danışıqların birbaşa olmasının tərəfdarı olduğunu bəyan etdi.
- Rəsmi Bakının Ağ evə qarşı əks arqumenti nədən ibarət idi?
- Ölkəmizin mövqeyi odur ki, ABŞ və Obrayn prosesdə balanslı münasibət sərgiləməyib. “907-ci düzəliş” qüvvədə qalaraq ABŞ-ın vasitəçiliyi heç də balanslaşmış deyil. Bu, vasitəçiliyə uyğun gəlmir. Obrayn da məcbur olub birbaşa danışıqları, vasitəçi olmadan müzakirələri qəbul edib.