23 Dekabr 2023 21:16
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, proseslər pozitiv istiqamətdə inkişaf edəcək və digər məsələlər də həllini tapacaq. Sözsüz ki, Azərbaycan hələ də ermənilərin nəzarətində olan 8 kəndindən imtina etməyəcək. Bu mümkün deyil. Həmin kəndlər hüquqi cəhətdən Azərbaycan ərazisidir. Beynəlxalq səviyyədə bura Azərbaycan ərazisi kimi tanınıb.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

“Təxminən 32-33 il öncə bu kəndlər Ermənistan tərəfindən işğal edilib. Bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Hətta iki ay öncə Prezident İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında məhz həmin 8 kəndlə bağlı məsələ bir daha vurğulanmışdı. Azərbaycan Prezidenti qeyd etmişdi ki, 8 kənd hazırda Ermənistanın işğalı altındadır”, - deyə o qeyd edib.

Politoloqa görə, sülh müqaviləsi imzalandıqdan sonra delimitasiya və demarkasiya prosesi həyata keçirilən zaman o kəndlərin də məsələsi həllini tapacaq:

“Təbii ki, erməni tərəfi bu kəndləri özləri üçün vacib amil hesab edir. Naxçıvanın Kərki kəndi Ermənistanı və İrəvanı, İranla Zəngəzurla bağlayan strateji “M-2” yolunun üzərindədir. Həmin kənd yolun üzərində yerləşir. Gürcüstanla Ermənistanı bağlayan digər beynəlxalq yol isə Qazax rayonu Yuxarı Əskipara kəndindən keçir”.

Oqtay Qasımov hesab edir ki, Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibəti olacaqsa, ermənilər həmin yollardan rahat şəkildə istifadə edə bilər:

“Bunun əksinə olaraq Ermənistan sülhdən yayınsa və həmin anklavları geri qaytarmasa burada yeganə seçim son variant qalır. Azərbaycanın istədikləri olmayacaqsa, Ermənistan öhdəlikləri icra etməyəcəksə, güc tətbiqi ilə həmin kəndlərin azad edilməsi mümkün olacaq. Bu ən son variant kimi düşünülə bilər. Amma ehtimal odur ki, buna gərək qalmayacaq. Ermənistan rəhbərliyi məsələləri dərk edib, prosesə əngəl yaratmadan hansısa bir mərhələdə bunun razı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər