2 Yanvar 12:39
2 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın öz ərazisində separatizmə və terrorizmə qarşı həyata keçirdiyi anti-terror tədbirlərində Ermənistan tərəfindən hər hansı müdaxilə olsaydı, burada situasiya fərqli olacaqdı. Bu halda müharibə sona kimi davam edə bilərdi. Belə olan halda kiminsə ərazisi və sərhədləri, hüdudları anlayışı ortadan qalxmış olurdu.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Əgər Ermənistan Azərbaycan sərhədlərini pozmuş olsa idi, buna qarşı adekvat addım atılacaqdı və ermənilərin dediyi sərhəd anlayışı olmayacaqdı. Nikol Paşinyan ona görə də, digər ermənilərdən fərqli hərəkət edib. O, Azərbaycan Ordusunun müdaxilə olacağı təqdirdə hara qədər gələ biləcəyini düzgün proqnozlaşdırıb. Bu onun siyasətdə ağıllı addımlarından biri sayıla bilər. Çünki burada kimin ərazisinin, kimdə olması artıq güclə həll oluna bilərdi”, - deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, Azərbaycan Ermənistanın hər hansı müdaxiləsi fonunda sona kimi gedəcəkdi:

“Təbii ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən ölkə kimi hansısa ərazini tutmaq, işğal etmək niyyəti güdmür. Ölkəmiz ancaq öz hüdudları çərçivəsində sərhədlərimizi möhkəmləndirməklə məşğul olacaqdı”.

Fazil Mustafaya görə, Azərbaycana qarşı həmin əməliyyatlar zamanı hansı ərazidən zərbə vurulubsa, onu susdurmaqda tam haqlıdır:

“Müvəqqəti olaraq bu istiqamətdə də müəyyən addımların atılması mümkün ola bilərdi. Çünki burada başqa bir seçim qalmırdı. Ondan sonrakı mərhələdə isə öz sərhədlərimizə çəkilərək, burada hər hansı bir şəkildə problemin yaranmasına imkan verilə bilməzdi. Burada kiminsə Azərbaycana beynəlxalq hüquqdan dərs deməsinə ehtiyac yox idi. Azərbaycan ərazisiniə düşmən işğal edib və yaxud hücum olunubsa, bunun qarşısı mütləq şəkildə alınmalıdır. Ölkə konstitusiyası çərçivəsində bu bir borc hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı