11 Yanvar 19:50
5 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Azərbaycanla Ermənistan arasındakı sülh prosesində artıq vasitəçiyə ehtiyacın qalmadığı ifadə olunur. Prosesin vasitəçi olmadan irəliləməsi mümkün olacaqmı?

- Bundan sonra vasitəçi olmadan danışıqların necə aparılacağını da söyləmək çətindir. Sülh müqaviləsinin imzalanmasında da burada ən azı bu və ya digər şəkildə vasitəçinin iştirakı olacaq. Çünki 10 noyabr 2020-ci il üçtərəfli razılaşmada Rusiya yer alıb. Həmin razılaşmanın sona çatmaması da bunu ehtiva edir. Razılaşmanın bəzi müddəaları icra edilməyib. Sülhməramlıların az sayda olsa da Qarabağda qalması məsələsi var. 2025-ci ildə sülhməramlıların burada qalma müddəti bitir. Rus sülhməramlılarının çıxarılması ilə bağlı da hələlik razılaşma yoxdur. Ərazi Azərbaycana məxsus olduğu üçün Ermənistan buna heç bir şəkildə etiraz edə bilməyəcək.

- İki tərəf hansı səviyyəyə qədər razılığa gələ bilir?

- Artıq Azərbaycanla Ermənistan administrasiv qaydada razılaşa bilir. Vasitəçisiz də müəyyən məsələlərin həlli mümkün oldu.

- Güzgü prinsipi ilə qoşunların geri çəkilməsi anlayışı hansı anlayışlara aiddir?

- Burada əsas məsələ dövlətlərin razılaşmasından asılıdır. Bu, eyni məsafəyə orduların geri çəkilməsi deməkdir. Ordu növlərinin sərhəddən uzaqlığı burada öz əksini tapır. Amma bu o demək deyil ki, sərhədə yaxın heç bir ordu birləşməsi qalmır. Çox az sayda hərbçi saxlanılır. Hər iki tərəfdən bərabər sayda olur. Zirehli texnika, raket qoşunları sərhəddən uzaq saxlanılır.

- Danışıqlarda Qərb platformasının yenidən aktivləşməsi ehtimalı var?

- Danışıqların harada aparılmasından asılı olmayaraq Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı xəritələr Rusiyadadır. Ona görə də, burada vasitəçi olaraq Rusiyanı heç cürə aradan çıxarmaq mümkün olmur. Belən olan halda tərəflər heç bir xəritəyə istinad etmədən sərhədlərlə bağlı razılığa gələ bilər. Amma xəritəyə əsasən sərhəd üzərində razılaşma gedirsə, burada vasitəçi kimi Rusiya çıxış edəcək.

- Belə olan halda Brüssel formatı nəyə görə gündəmə gətirilir?

- Bu format diplomatik nəzakət üçün saxlanıla bilər. Onun zərurətinə ehtiyac yoxdur. Brüsselin təklifi odur ki, “gəlin vasitəçilik edək”. Adətən diplomatik nəzakət üçün bunlardan imtina edilmir.

- İmtina edilməsi hansı anlama gəlir?

- Sülh danışıqlarında real irəliləyiş olmalıdır. Bunun əksinə proqressivlik pozulmalıdır. Hazırda iki dövlət administrasiyası arasında razılıq olsa da bunun nə qədər irəliləməsi önəmlidir. Belə olan halda vasitəçi ortaya çıxır. Tərəflərə vasitəçi ilə danışıqlar təklif olunur.

- Vasitəçilərin marağı nədən ibarətdir?

- Maraqları olsa da deyəcəklər ki, “danışıqlar prosesində çətinlikləri yüngülləşdirmək məqsədi ilə sizə vasitəçiliyimizi təklif edirik”. Bundan bir-iki dəfə imtina etmək olar. Əsas gətirilə bilər ki, “tərəflər özü danışıqlar aparır”. Prosesin üzərindən 6-7 ay keçdikdən sonra bundan imtina etmək də çətinləşir.

- Sanki vasitəçilikdən imtina sülhdən qaçmaq kimi izah olunur...

- Bu, həqiqətən də belədir. Ya gərək hər iki tərəf bundan imtina etsin, ya da iki tərəf belə qərar verməlidir. Çünki tərəflərdən biri imtina edib digəri qaldıqda o deyəcək ki, “ortada real sülh razılaşması və vasitəçiliyə səmimi yanaşma yoxdur”. Ona görə də, burada incə məqamlar nəzərə alınır.

- Son dövrlər görünən odur ki, erməni tərəfi sülhün daha tez əldə olunmasında maraqlıdır. Bu nə ilə bağlıdır? İrəvan nəyə tələsir?

- Ermənistan hakimiyyətini sülh müqaviləsini imzalamağa əngəlləyən məsələ erməni cəmiyyətinin bu prosesə hazırlanmasıdır. Daxildə olan revanşist qüvvələr və müxalifətin əlinə əsas verməkdən çəkinirlər. Ona görə də, Ermənistan hakimiyyətinin təmsilçiləri sülh deyə-deyə cəmiyyəti buna hazırlayır.

- Zəngəzur dəhlizi ilə bağlı tərəflərin yanaşması hansı səviyyədədir?

- Bununla bağlı hələlik heç bir real mənzərə müşahidə edilmir. Ola bilsin bu istiqamətdə də hansısa məsələlər razılaşdırılır, dəqiqləşdirilir.

- Türkiyənin dəhlizlə bağlı yanaşmasına İran dərhal reaksiya verdi. İranı narahat edən səbəb nədir?

- İran dəhlizlərin öz ərazisindən keçməsini istəyir. Bu, ona iqtisadi nöqteyi-nəzərdən sərf edir. Zəngəzur dəhlizi İranın ərazisindən keçən yola paralel xətt olduğuna görə, Tehran bunu istəmir. Türkiyə üçün isə bunun fərqi yoxdur. Həmin dəhlizlərin hamısı Türkiyə ərazisindən keçir. Sadəcə olaraq burada Türkiyə burada İranın yox, Azərbaycanın tərəfindədir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər