Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirdi ki, Fransa ölkəsinə olan sevgisindən yox, maraqları olduğu üçün Azərbaycanla sülh prosesinə qarışmaq, vasitəçi olmaq istəyir. Sizcə, buna Ermənistanın reallığı dərk etməsi kimi baxmaq olarmı?
- Ermənistan artıq başa düşür ki, hazırda yürütdüyü siyasət bir dövlət kimi onu məhvə aparır. Bunu Simonyan da, Paşinyan da, Mirzoyan da başa düşür. Məsələ budur ki, onlar erməni xislətinə uyğun olaraq, eyni anda bir neçə yerə xidmət etməyə çalışırlar, amma heç bir nəticə əldə edə bilmirlər.
Fransa da öz maraqları yox, ABŞ-nin ona verdiyi sifarişlər əsasında bu addımları atır. Kimin Rusiya ilə normal münasibətləri varsa, ABŞ ona qarşı güclü təbliğat aparır. Birbaşa olmasa da, dolayı yolla – Ermənistan üzərindən Azərbaycana təzyiq etməyə çalışırlar. Məqsəd də ABŞ-nin Cənubi Qafqaza nəzarətini təmin etməkdir. İrəvan da bunu anlayır, artıq Fransanın oynadığı oyunları gündəmə gətirirlər. Bəli, Ermənistanda Fransaya qarşı münasibət dəyişməyə başlayıb.
- Prezident İlham Əliyev ötən günlərdə açıqlamışdı ki, sərhəd komissiyalarının yanvarın sonunda keçiriləcək iclasında Ermənistanın işğalında olan 8 kəndin qaytarılması da müzakirə olunacaq. Nəhayət, bu məsələ çözülürmü?
- Bu günlərdə iki məsələ Ermənistanı siyasi baxımdan xaosa sürükləyir. Birincisi, cənab prezidentin yanvarın 10-da yerli telekanallara müsahibəsi, ikincisi, bundan bir gün sonra onun Hikmət Mirzəyevi Quru Qoşunlarının komandanı və müdafiə nazirinin müavini təyin etməsidir. Hər iki məsələ Ermənistanı hərtərəfli qorxuya salıb.
Cənab prezidentin ilkin mərhələdə Qazaxın sərhədə bitişik 4 kəndini geri istəməsi Ermənistanda təşviş yaradıb. Sanki ermənilər Azərbaycanın könlünü necə almağın yolunu axtarırlar. Məsələ ermənilərin fikirləşdiyi kimi deyil, Azərbaycan öz ərazilərini geri istəyir, bunlar bizim qanuni ərazilərimizdir. Bir də ondan dəliyə dönüblər ki, cənab prezident İrəvanın qədim Azərbaycan şəhəri olduğunu dilə gətirib. Ermənistan belə bir dönüş gözləmirdi.
Fransa parlamenti də bu günlərdə bir məsələni də gündəmə çıxarıb. Doğrudan da onlar xəstədir, Fransa olan-qalan ağlını da itirib. “Qarabağda çıxarılmış ermənilərin geri qaytarılması” kimi bir təxribatçı məsələni parlamentdə müzakirəyə çıxarıblar. “Rəqəm”i də 1001 minə qaldırıblar. Eyni zamanda, Qarabağı azad edən Azərbaycan ordusunu “işğalçılıq”da ittiham edirlər. Çox qəribə bir şey yaranır, yəni bu dövlət bu qədər ağılsızdır?
Artıq Fransanın ağlının getdiyinə şübhəm yoxdur. Elə məsələləri gündəmə çıxarırlar ki, özünə hörmət edən bir dövlət bunu etməzdi. Simonyanın narazılığı da onunla bağlıdır ki, Fransa bir şey edə bilməyəcək. Fransa heç balaca Kaledoniya ilə bacarmır, üstəgəl, Afrikadakı mövqelərini tamamilə itirmək üzrədir. Belə bir durumda Fransa Cənubi Qafqazda nə edə bilər?
Görünən budur ki, Ermənistan yavaş-yavaş Fransanın yürütdüyü siyasətin mahiyyətini dərk etməyə başlayıb. Bütün hallarda Ermənistanın yürütdüyü siyasəti də proqnozlaşdırmaq olmur. Dövlətin bir nomal siyasəti və ardıcıllığı olar. Adətən siyasi təhlilə yatmayan dövlətlər etnik korporasiya kimi bir şeydir, Ermənistan da belədir. Bir gün normal danışırlar, səhəri gün tam başqa şey deyirlər.
Bu baxımdan, Ermənistanın mövqeyini ciddi qəbul eləmək olmur. Bütün hallarda Ermənistan bir çıxılmaz dalana girib: ya bir dövlət kimi çökəcək, ya da Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq.
- General Hikmət Mirzəyevin yeni vəzifəyə təyin edilməsi erməniləri niyə qorxutdu?
- Hikmət Mirzəyev xalqını, dövlətini sevən adamdır, Polad Həşimov kimi generallardandır. Hikmət Mirzəyev millidir. Bu adam cənab prezidentin rəhbərliyi altında Xüsusi Təyinatlı Qüvvələrin timsalında xalqını, dövlətini sevən bir ordu formalaşdıra bilib. Hikmət Mirzəyevin təyinatının səhəri günü xüsusi təyinatlıların təlimləri başladı, bu da erməniləri dəli edir. Ermənilər qorxuya düşüblər ki, Azərbaycan öz sərhədlərini bərpa edib, bu təlimləri niyə keçirir. Artıq Qazaxın kəndlərini tərk etməyə başlayıblar. Təşvişə düşüblər. Ermənilər o qədər qorxurlar ki, uşaqlarını doğulandan böyüyənədək “sənin yeganə düşmənin türkdür, “Böyük Ermənistan” üçün çalışmalısan” axmaqlığı ilə tərbiyə edirlər. Azərbaycan ordusu 44 gün ərzində bu xülyalarını məhv elədi, mif dağıldı.
Hikmət Mirzəyev kimi generallardan çox qorxurlar. Bu baxımdan, onun təyinatını gözlənilməz hesab edirlər, çünki fəaliyyətləri göz qabağındadır. Hikmət Mirzəyevin gəlişi onlar üçün təkcə sürpriz olmadı, yenidən kabuslarına çevrildi. Hikmət Mirzəyev İlham Əliyevdən sonra Ermənistanın ən çox qorxduğu adamdır.
- Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan sərhəd komissiyalarının iclasında xəritə məsələsinin müzakirə olunacağını açıqladı. Rəsmi Bakı Qriqoryanın dilə gətirdiyi SSRİ-nin son dönəm və ya 1970-ci illərin xəritələri ilə razı deyil. Belə olan halda, sərhəd hansı xəritələr üzrə müəyyən ediləcək, məsələn, işin 70-ci illərdən əvvəlki xəritələrlə aparılması ehtimalı nə qədərdir?
- Ermənilər 1960-cı illərdə Moskvadan Ermənistanın müstəqilliyinin 40-cı ildönümü ilə əlaqədar “hədiyyə” istəmişdilər. İstəkləri də Naxçıvan və ya Qarabağla bağlı idi. Amma SSRİ Xarici İşlər Nazirliyi qəti imtina etmişdi ki, Naxçıvanla bağlı Qars müqaviləsi var, bu, beynəlxalq sazişdir, bunu ağlınızdan çıxarın.
Sonra Qarabağ məsələsini qaldırdılar, Heydər Əliyev gəlib buna son qoydu. Amma ona qədər SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bir qərarı olmuşdu, yəni hissə-hissə Azərbaycan ərazilərini götürmək və Qarabağı Ermənistana birləşdirmək. Bu, SSRİ-yə lazım idi. sonra Rusiyaya da lazım oldu ki, daxildə separatizmi qızışdırmaqla dövlətə nəzarəti saxlasınlar. Təəssüf ki, həmin siyasət bu gün də Rusiyanın bəzi qüvvələri tərəfindən davam etdirilir.
Bütün bunlara baxmayaraq, Azərbaycan SSRİ Baş Qərargahının 1975-ci ildə hazırladığı xəritəyə razılıq verə bilməz, verməməlidir. Çünki o vaxt ermənilər Moskvada kifayət qədər yerləşmişdilər.
Vaxtilə Şahnazarov keçmiş Dağlıq Qarabağda vilayət partiya komitəsinin I katibi, sonra Qorbaçovun köməkçisi oldu. Yəni bu xəritələr ermənilərin maraqlarına uyğun tərtib edilmişdi. Azərbaycan heç cür 75-ci il xəritəsi ilə razılaşa bilməz. Əvvəlcə sülh müqaviləsi imzalanmalıdır, sonra sərhəd müəyyən edilməlidir, çünki bu, uzun vaxt aparan prosesdir.
Bizim hələ yaxşı münasibətlərimizə baxmayaraq, Gürcüstanla belə sərhədlərimiz tam müəyyənləşməyib. Azərbaycan orda da geri çəkilmir, burda da belə olacaq.
SSRİ Azərbaycanı işğal edəndə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadratkilometr idi. 1991-ci ildə Müstəqillik Aktı qəbul ediləndə orada yazıldı ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Moskva bunu istəmirdi, amma təzyiqlərə baxmayaraq, bunu edə bildik.
Ermənilər uzun müddətdən sonra indi ayılıblar ki, Azərbaycan nə demək istəyirdi. Yəni 1920-ci illərin xəritəsi olmalıdır. Çünki Azərbaycanın qərb rayonları ilə Naxçıvanın əlaqəsi məhz o vaxt kəsilib. 1927-29-cu illərdə Göyçəni, Zəngəzuru götürdülər, Mehrini aldılar, Dərələyəz getdi. O vaxt Ermənistanın ərazisi cəmi 9 min kvadratkilometr idi, indi 29.8 min – hamısı Azərbaycan torpağıdır.