ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirdi ki, Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda önəmli irəliləyiş əldə edib. Miller onu da dedi ki, ABŞ hər iki tərəfi sülh müqaviləsini imzalamağa təşviq edir. Sizcə, Vaşinqton-Bakı xəttindəki son gərginlikdən sonra gələn bu mesajdan nə anlamalıyıq: ABŞ-nin hələ də prosesin içində olduğuna eyham vurulurmu? Ümumiyyətlə, Vaşinqton bundan sonra yoluna obyektiv vasitəçi kimi davam edə bilərmi?
- Əslində, bu açıqlamanın səbəblərindən biri Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlıdır. Lavrov Moskvanın Azərbaycan-Ermənistan sülh danışıqlarında əsas vasitəçi olmaq istədiyini və bunun üçün ciddi işlər gördüyünü söylədi.
Nəticədə Vaşinqtonun ABŞ-nin də bu prosesdə rol almaq istədiyi və bu yöndə çalışdığına dair bəyanatını gördük. Əslində, ABŞ bəzi məsələlərdə Azərbaycan tərəfindən haqlı qınaqlara tuş gəlsə də, sülh prosesində önəmli rol almağa çalışır. Son illər bu istiqamətdə addımların atıldığını da görmüşük.
Azərbaycan sülh danışıqlarında səmimi şəkildə iştirak edən tərəfdir, tezliklə müzakirələri yekunlaşdırıb sənədlərin imzalanmasına çalışır. Bu baxımdan, vasitəçi kimi kimin önə çıxacağı Azərbaycan üçün önəmli deyil, təki şərtlərimiz və beynəlxalq hüquqa uyğun olaraq, sülh danışıqları yekunlaşsın və müəyyən sənədlər imzalansın.
Azərbaycanın tutduğu mövqe doğru və maraqlıdır. Rusiya və ABŞ sülh prosesində önəmli rol almağa çalışırsa, olsun, özləri bilər. Bu, Azərbaycanın şərtləri və ya beynəlxalq hüquqa uyğun bitəcəksə və sülh müqaviləsi bu çərçivədə imzalanacaqsa, qoy rəqabərt aparsınlar, bundan udan tərəf biz olacağıq. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan tezliklə danışıqların yekunlaşması və sülh müqaviləsinin imzalanmasına çalışır.
- Rusiya xarici işlər naziri Sergey Lavrov açıq şəkildə Ermənistanı sülhə və Zəngəzur dəhlizinin açılmasına mane olmaqda ittiham etdi. Rusiyanın baş diplomatı İrəvanın bunu Qərbdən aldığı təlimatlar əsasında etdiyini söylədi. Rusiyada daha yüksək səviyyələrdə irəli sürülən ittihamlar Ermənistan üçün nəyin xəbərçisidir?
- Bundan əvvəl də demişdik ki, Zəngəzur dəhlizi ilə bağlı problem Azərbaycanla Ermənistan yox, Rusiya ilə Ermənistan arasındadır. Məsələ nəzarətlə bağlıdır. Lavrov son mətbuat konfransında bunu tam açıq şəkildə təsdiqlədi. Rusiya istəyir ki, həmin dəhlizə birbaşa özü nəzarət eləsin, Ermənistanın nəzarət funksiyaları olmasın.
Əlbəttə, Ermənistan da bundan narahatdır, istəyir ki, Zəngəzurdan keçən yollara özü nəzarət etsin. Ermənistan bu məsələdə Rusiya ilə anlaşa bilmir. Rusiya da 10 noyabr bəyanatından sitat gətirir. Həmin sənəddə yollara Rusiya sərhədçilərinin nəzarət edəcəyi yazılıb. Rusiya tez-tez buna ona görə istinad edir ki, Ermənistan yayınmağa çalışır.
Azərbaycan həmin 10 noyabr sənədi əsasında öz gücü hesabına Ermənistana da sərf edən addımlar atdı, ermənilər nə qədər etiraz etsələr də... Həmin sənəddə Laçın dəhlizi və ya yolu ilə də bağlı müddəalar vardı. Amma Ermənistan nə bu, nə də digər müddəaları yerinə yetirdi. Nəticədə Rusiyanın müqavimətinə baxmayaraq, Azərbaycan bu sənəd çərçivəsində lazımi məsələləri həll elədi. İndi Ermənistan da Zəngəzurdan keçən yollara nəzarət etmək istəyir.
Ermənistanın Rusiyanı ittiham etməsini anlamaq mümkündür, çünki ən azı Kremldə İrəvanın Qərblə yaxınlaşmasına dair narahatlıq var. Amma Rusiya tərəfi məsələyə qeyri-səmimi yanaşır. Söhbət təkcə Ermənistandan getmir, Rusiyanın özü də Zəngəzur dəhlizinin açılmasında maraqlı olsaydı, heç olmasa, Ermənistanla birgə nəzarət mexanizminin yaradılmasına mane olmazdı. Amma görünən budur ki, Rusiya Ermənistanın dəhlizdə söz sahibi olmasını istəmir, bununla bağlı da addımlar atmağa çalışır.
Bir şeyi də nəzərə almaq lazımdır ki, Ermənistan bu mənada suveren dövlət deyil. Çünki Ermənistan 10 noyabr sənədindən əvvəl öz sərhədlərini Rusiyaya təhvil verib. Bu gün belə, xarici ölkə vətəndaşları Ermənistana gələndə onları erməni sərhədçiləri ilə yanaşı, rus sərhədçiləri də qarşılayır. Yəni Rusiya Ermənistanda hava limanlarına da nəzarət funksiyalarına malikdir. Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiya qoruyur.
Ermənistanın böyük bir səhvi də oldu. 2020-ci ildən sonra Rusiyanın bəzi qoşun növlərinin Ermənistan-Azərbaycan sərhədlərinə yaxın mövqelərdə yerləşməsinə imkan yaratdı. Rusiya həmin ərazilərdə 4 yeni qərargah qurub. Rusiya bu güc və ya imkanlarından istifadə edərək, Ermənistanın suverenliyi və sərhədlərini öz əllərində saxlamağa çalışır. Yəni Lavrovun dediklərində həqiqət var, amma Ermənistan da buna baxmayaraq, ərazisindən keçən yollara özü nəzarət etmək istəyir. İki ölkə bu məsələdə anlaşa bilmir.
- Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməsi ehtimalı nə qədərdir?
- Bəli, buna çalışırlar. Ən böyük istəkləri bundan ibarətdir ki, Zəngəzurdan keçən yollar tamamilə Rusiyanın nəzarətində olsun. Rusiyanın məqsədi bununla Azərbaycanın atdığı addımlar nəticəsində bölgədə itirdiyi təsir rıçaqlarını yenidən bərpa etmək və möhkəmləndirmək istəyir.
Azərbaycanın 2020-23-cü illərdə atdığı addımlar Rusiyanı bölgədə zəiflətdi. Rusiya Azərbaycana bir söz deyə bilmir, çünki Azərbaycanın həm Türkiyə, həm də digər dövlətlərlə qurduğu ittifaqlara möhtacdır. Eyni zamanda, Azərbaycan ritorik olaraq, Ermənistan kimi Rusiyaya qarşı təhqiredici açıqlamalar vermir və düz də edir. Azərbaycan Rusiya ilə diplomatik dil və üslubda danışır.
Prezidentin yerli telekanallara müsahibəsində Rusiyanın qınanması və Azərbaycanın 2020-ci ildən sonra müəyyən addımları atmağa məcbur olması ilə bağlı məqamlar yer alırdı. Rusiya öz funksiyalarını yerinə yetirsəydi sentyabr hadisələrinə (19 sentyabr antiterror tədbirləri – red.) ehtiyac qalmazdı.
Qarabağdakı erməni qoşunlarını ruslar çıxarmalıydılar, amma çıxarmadılar, üstəgəl, onların güclənməsi və silahlanmasına yardım etdilər. Azərbaycan da öz gücü və nüfuzu hesabına bu məsələni çözdü. İndi Rusiyanın çalışdığı budur ki, itirdiyi mövqelərini Zəngəzur dəhlizi üzərində yeganə nəzarətçi olmaq yolu ilə geri qaytarsın.