Zəngəzur dəhlizinin açılması istiqamətində hələlik heç bir yenilik yoxdur. Ermənistan tərəfindən İranla eyni rejimin Zəngəzurda tətbiq edilməsi məsələsi əsassızdır. Bu, Azərbaycan üçün uyğun deyil. Çünki üçtərəfli bəyanatda Zəngəzur dəhlizi xüussi qeyd edilib. Burada söhbət maneəsiz hərəkətdən gedir.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Sözsüz ki, Naxçıvana gedən hər iki yolun eyni rejimlə açılması Azərbaycana sərf etmir. İranla açılan yol alternativ xarakterə malikdir. Zəngəzur dəhlizinin açılmasına Ermənistan tərəfi razılıq vermədiyi üçün İran vasitəsi ilə Naxçıvana yol açılır”, - deyə o qeyd edib.
Mərkəz sədrinə görə, Araz çayı sahili boyunca iki eyni dərəcəli yolun inşası məntiqli deyil:
“Eyni rejimlə bu yolu istifadə etmək də sərfəli olmayacaq. Üçtərəfli bəyanatda isə maneəsiz keçidin mahiyyəti öz əksini tapıb. Bu kontekstdə Rusiyanın dəhliz və digər məsələlərə olan münasibətinə reaksiyanın verilməməsi kimi detallar da diqqətdən yayınmır. Sözsüz ki, Sergey Lavrovun dəhlizdən əlavə bir sıra açıqlamaları bizi də qane etmir. Bu, keçmiş Dağlıq Qarabağ və s. məsələlərlə bağlı idi”.
Fərid Şəfiyev hesab edir ki, Almatı razılaşmasına istinad qüsurludur:
“Çünki bu sənəddə keçmiş Dağlıq Qarabağla bağlı heç bir söz yoxdur. Burada sadəcə olaraq Azərbaycanla Ermənistan arasında olan ərazi bütövlüyü məsələləri əks olunub. İndiki halda Ermənistanla Rusiya arasında da gərginlik bəlli bir səviyyədədir. Amma görünən odur ki, erməni tərəfi Rusiyaya son ittihamlarla bağlı reaksiya verməyə tələsmir”.