Beynəlxalq təşkilatlarda təmsil olunmaq, inkişaf etmiş ölkələrlə bir sırada durmaq hər bir dövlətin başlıca vəzifələrindən hesab edilir. Bu, əslində nüfuz məsələsidir. Avropa Şurasının bu məsələdə rolu kifayət qədərdir. Məqsəd Avropa Şurasına üzv ölkələrə hüquqi müstəvidə yardım etməkdən ibarətdir.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Avropa Şurasının heç bir qərarı, qətnaməsi məcburi deyil. Burada ancaq qarşılıqlı öhdəliklər mövcuddur. Bu, demokratikləşmə, siyasi inkişafla bağlıdır. İndiki halda Azərbaycanla Avropa Şurası arasında yaşanan gərginlik də bu xüsusda önə çıxır. Reallıq odur ki, Avropa Şurasının özündə demokratiya baxımından geriləmə var”, - deyə o qeyd edib.
Partiya sədri hesab edir ki, bu geriləmə Avropa İnstitutlarının fəaliyyətində daha çox görünür:
“Avropa ölkələrinin hamısında hər kəs demokratiyanı yüksək dəyər kimi qəbul etmir. Burada daha çox maddi, siyasi maraqlar önə çıxır. Xüsusən, SSRİ dağıldıqdan sonra Şərqi Avropa ölkələrinin Avropa İnstitutlarına daxil olmasının ardınca burada keyfiyyət aşağı düşüb”.
Sərdar Cəlaloğluna görə, bu gün Avropa Şurası Azərbaycanın təşkilata üzv olduğu zamanda olduğu səviyyədə deyil:
“Qurum kifayət qədər deformasiyaya uğrayıb. Amma Azərbaycana qarşı olan son yanaşmalar, nümayəndə heyətinin mandatının təsdiq edilməməsi yanlışdır. AŞPA ilə Azərbaycan arasındakı gərginliyin uzun müddət davam edəcəyi də gözlənilmir. Ölkəmizin qurumda fəliyyətini dayandırması AŞPA-nın qərəzli mövqeyinə verdiyi reaksiyadır. AŞPA-nın Azərbaycan əleyhinə qəbul etmiş olduğu qərarlar ölkəmizin maraqlarına uyğun deyil. Qarşılıqlı müzakirələrlə bu məsələlərin yoluna qoyulması mümkündür”.