Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Cümşüd bəy, Qərb platforması prosesdən kənar qaldıqdan sonra ABŞ sülh danışıqları üçün ardıcıl şəkildə təkliflərlə çıxış edir. Azərbaycanla Ermənistan arasında müzakirələrin Vaşinqton platformasında aparılması üçün çağırışlar edilir. Amerikanın Avropa İttifaqını oyundan çıxarıb prosesi öz əlinə almaq niyyəti ortadadır...
- ABŞ-dan da Azərbaycana qarşı ədalətsiz yanaşmalar çox oldu. Dövlət Departamentinin Azərbaycanda dini azadlıqlarla bağlı hesabatı buna misaldır. Eyni zamanda Amerika çoxdandır ki, Avropa İttifaqını parçalamaq istəyirdi. Ona görə də, Qərbdə baş verən proseslərin arxasında ABŞ-dəki bəzi qüvvələrin maraqları durur. Artıq ABŞ Avropa İttifaqının parçalanmasına nail olur. Bu günə qədər Amerikanın bu siyasətinə Almaniya imkan vermirdi. Almaniyada Olaf Şolzun hakimiyyətə gətirilməsi ilə buna nail oldular. Fransa isə həmişə bunların əlində olub. Şarl de Qoldan sonra Amerika bəzi parametrlərdə uduzurdu. Henri Kissincer Almaniyanı bu oyuna salandan sonra proses dəyişməyə başladı. Ona görə də, Avropa İttifaqı hazırda ABŞ-nin əlinə oynayır. Böyük Britaniyanın da Avropa İttifaqından çıxması əvvəlcədən hazırlanmış bir layihə idi. Çünki dollara qarşı uduzurdular.
- Belə olan halda ABŞ-nin Azərbaycanı seçməsi hansı amillərlə bağlıdır?
- Burada Amerikanın maraqları var. Cənubi Qafqazı siyasi cəhətdən nəzəratə götürmək iddiaları ortadadır. Sadəcə olaraq Rusiya buna imkan vermədi. Gürcüstanda buna Mixail Saakaşvilinin əli ilə cəhd etdilər. Saakaşvili bunu bacarmadı. Nikol Paşinyan da onların istəklərini reallaşdırmadı. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevi hədəfə almağa çalışdılar. Sadəcə olaraq Prezident İlham Əliyev çox böyük ustalıqla ABŞ-nin niyyətini pozdu. Onlar bir də ayıldılar ki, əllərində olan ən böyük təzyiq kartı olan Qarabağ problemi yoxdur. Bir müddət Qarabağda ermənilərin mövcudluğundan istifadə etmək istədilər. Bu da alınmayanda Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq üçün hiyləyə əl atdılar.
- AŞPA-nın Azərbaycanla bağlı son “qərarları”nda bu amillərin rolu nə dərəcədə təsirlidir?
- Bütün bunların hamısı ABŞ-dən gələn “resept” əsasında həll edilir. Məqsəd Azərbaycana qarşı mümkün qədər təsir etməkdir. Onlar heç cürə Prezident İlham Əliyevin uğurlarını qəbul edə bilmirlər. Prezident seçkiləri ilə bağlı da onların iddiaları yanlışdır. Hər seçki qutusunun yanına beş müxalifətçi təyin olunsa belə xalq cənab İlham Əliyevə səs verəcək. İndiyə kimi demokratiya adı altında seçki və digər proseslərə təsir imkanları var idi. Amma bu da əllərindən çıxmış oldu. AŞPA-nın əli ilə atılan son addımlar bunu sübut edir.
- Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında hücum etməmək haqqında pakt imzalamağın mümkünlüyündən danışıb. Bu hansı məntiqə uyğun yanaşmadır?
- Burada əsas məqsəd silahlara nəzarət məsələsidir. Əslində bunun arxasında tamam başqa maraqlar durur. Azərbaycanın Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasına əsasən ölkəmiz istənilən dövlətdən silah ala bilər. Onları narahat edən məhz bu amillərdir. Hücum etməmək haqqında paktın imzalanması isə Rusiya və Qərbdən Ermənistana ötürülmüş bir ideyadır. Niyyətləri Azərbaycanın hansı ölkələrdən silah alması məsələsi ilə bağlıdır. Kəşfiyyat xarakterli gediş etmək niyyətləri var. Fakt isə odur ki, Azərbaycan nüvə dövləti deyil. Ona görə də, beynəlxalq konvensiyalara zidd heç bir addım atıla bilməz.
- Qarşı tərəf hücum etməmək haqqında paktın imzalanması ilə nəyə nail olmaq istəyir?
- Əslində buna ehtiyac yoxdur. Çünki Azərbaycan heç bir dövlətə hücum etmək niyyətində deyil. Sadəcə olaraq Ermənistanda qəribə bir tendensiya yaranıb. Bu da onların Azərbaycan liderindən qorxuları ilə bağlıdır. Guya Azərbaycan Zəngəzura hücum edəcək və s. Bunun üçün erməni tərəfi əsassız olaraq xəritə məsələsini ortaya atır. Amma bunlar qarşı tərəfin anormal vəziyyəti ilə bağlıdır.