28 Yanvar 17:35
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda XXI əsrin, 20-ci illəridir. Ona görə də, İslamofobiya, türkofobiya, azərbaycanofobiya kimi yanaşmalara bu gün yer olmamalıdır. Əfsuslar olsun ki, son dövrlər dünyada baş verən hadisələr, geosiyasi prosesləri müşahidə edərkən, sanki, Qərbin yenidən orta əsrlər dövrünə qayıtdığını hiss edə bilərik. “Demokratiya, insan hüquq və azadlığı kimi dəyərləri” təbliğ edən Avropa Azərbaycana qarşı bütün təzyiq metodlarını işə salıb. Fransa senatinda və AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən “qətnamələr”, Aİ-nin yüksək rütbəli nümayəndəsi Jozep Borrelin qərəzli bəyanatları, rəsmi Parisin fasiləsiz olaraq hücumları - bütün bunlar bir zəncirin halqalarıdır. Bunlar Bakıya təzyiq etmək, şantaj və hədə-qorxu ilə onun iradəsinə təsir etmək, milli və dövlət maraqlarından əl çəkməyə məcbur etmək istəyi ilə birləşən qüvvələrdir. Əlbəttə ki, bütün bunların heç bir nəticəsi olmayacaq. Çünki, Azərbaycan bütün təxribatlara birbaşa, qəti və haqlı olaraq sərt cavab verir. Son nümunə AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtinasına əməkdaşlığın və onun Assambleyada iştirakının dayandırılması barədə bəyanatlarına cavabdır.

Ola bilsin ki, Qərbdəki ermənipərəst qüvvələr özləri də bu prosesləri hələ dərindən təhlil aparmayıblar, əgər belə bir siyasi təhlil olsa idi, o zaman anlamalıdırlar ki, bu, Ermənistana yaxşı heç nə gətirməyəcək. Onlar bilməlidirlər ki, müəyyən siyasi dairələrin əsas məqsədi “Ermənistana dəstək olmaq” adı altında ondan Cənubi Qafqaza nüfuz etmək üçün alət kimi istifadə etməkdir.

Digər tərəfdən AŞPA-da Azərbaycana qarşı ağılasığmaz ittihamların səsləndirilməsi, siyasi təxribat Avropa institutlarının sülh prosesinə töhfə vermək niyyətlərinin sadəcə sözlərdən ibarət olduğunu bir daha təsdiqlədi. Bununla da Avropa Azərbaycanla Ermənistan arasında sülh prosesində öz roluna böyük zərbə vurdu.

Bütün bu baş verənlər Azərbaycana qarşı düşünülmüş, planlaşdırılmış və mütəşəkkil ssenarinin tərkib hissəsidir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, müstəqil iqtisadi və diplomatik siyasət aparması, tək regionda deyil, dünyada nüfuzunun artmasından məlum siyasi dairələr narahat olub. Çünki, Azərbaycan həm özünə, həm də digər dövlətlərə, ölkələrə qarşı ədalətli, bərabərhüquqlu yanaşma tələb edir. Ayrı-seçkiliyə, bərabərsizliyə, ədalətsizliyə qarşı davamlı və dayanıqlı mübarizə aparır, dünyaya yeni harmoniyalı, balanslı, qarşılıqlı fayda verən bir model təqdim edir. Azərbaycan dövləti, Azərbaycan xalqı hər hansı razılaşma ilə deyil, mübarizə apararaq, öz əsgər və zabitinin qanı və canı hesabına tarixi ərazilərini erməni işğalından azad etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.

Avropa dairələrinin atdığı bütün addımlar sübut edir ki, onlar üçün əsas insan haqları, beynəlxalq hüquq və Azərbaycan və Ermənistan arasında sülh deyil, öz maraqları naminə regionda gərginliyin qorunub saxlanılması və hətta daha da gücləndirilməsidir. Bu dairələr qarşıdan gələn növbədənkənar prezident seçkilərinə müdaxilə edərək Azərbaycanın demokratik təsisatlarına kölgə salmağa və bununla da ölkəmizə zərbə vurmağa çalışırdılar. Lakin onlar öz cəhdləri ilə özlərinə - Avropa dəyərlərinə, nüfuzuna, təsir imkanlarına ciddi zərbə vurdular. Azərbaycan nümayəndə heyətinin bu qərarı və müvafiq bəyanatı ölkəmizlə təhdid dili ilə danışmaq istəyənlərin hamısına ciddi siqnaldır. Bu, güclü mesajdır - Azərbaycan şantaj edilə biləcək ölkə deyil, Azərbaycan torpaqlarını işğaldan azad etmiş, sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş qalib dövlətdir.

Vaxtı ilə Atatürk də Türkiyəni Fransa, Böyük Britaniya işğalından azad edib Türkiyə Cümhuriyyətini quranda işğalçılar bunu qəbul etmək istəmirdilər, amma məcbur oldular. Çanaqqala zəfərindən sonra Çörçil yazırdı: “Biz bu müharibədə Atatürk şəxsiyyətini və türk xalqının inanılmaz vətən sevgisini nəzərə almamışdıq”. Tarix təkrar olunur. Həmin Avropa, həmin insan hüquqlarından, ali dəyərlərdən danışan Qərb Azərbaycan Prezidentinin bacarığını, Azərbaycan xalqının vətən sevgisini dərk edə bilmirlər. Azərbaycanın bütün addımları, qərarları məntiqlidir və beynəlxalq hüquq və qanunlara uyğundur. Əlbəttə, Avropa Şurasının qərarı bizim üçün xoşagəlməz hadisədir və elə bilməyək ki, qərəz yalnız bu qərarla bitəcək. Fransadan siyasi, Almaniyadan iqtisadi asılılığı olan bu qurumun, eləcə də ona bağlı olan digər beynəlxalq, regional təşkilatların Azərbaycanı hədəfə alan qərarları hələ gözləniləndir.

Amma, bu o demək deyil ki, biz beynəlxalq təşkilatlarla əlaqələrimizi, əməkdaşlığımızı davam etdirməməliyik. Azərbaycan sivil dünyanın bir parçasıdır və biz öz maraqlarımızı, “qırmızı xəttlərimizi” gözləməklə beynəlxalq qurumlarla əməkdaşlığımızı davam etdirməliyik. Necə ki, hazırda Azərbaycan bir çox təşkilatlarla uğurlu əməkdaşlıq edir.

Hicran Hüseynova

Milli Məclisin Komitə sədri, professor


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər