Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistanın spikeri Alen Simonyan deyir ki, Azərbaycan və Türkiyə düşmənimizdir, bəs biz son 100 ildə onlara qarşı necə olmuşuq? Yəni dolayı yolla etiraf edir ki, ölkəsi bu iki qonşusu ilə düşmənçilik edir. Ermənistanın hakim komandasından bu səpkidə mesajlar tez-tez gəlir, üstəgəl, ərazi iddialarının məntiqsiz olduğuna dair açıqlamalar verilir. Hesab etmək olarmı ki, Ermənistan düşmənçiliyə son qoyur?
- Təəssüf ki, son qoymur, amma müzakirələr gedir. Artıq cəmiyyətdə, ictimai-siyasi çevrələrdə zərərli ideyalara tənqidi yanaşanlar var. Ermənistanın hakim komandası ölkənin regiondakı yerini müəyyən etmək istəyir, bununla bağlı axtarışlar gedir. Əslində ümidverici gəlişmədir. Ermənistan nə qədər Türkiyə və Azərbaycanla düşmənçilik edəcək? Bu siyasətin axırı yoxdur, axırı uçurumdur. Əlbəttə, Ermənistanın buna görə iki-üç ilə çökəcəyini demirəm, amma uzunmüddətli perspektivdə uçuruma gedir. Ermənistanda bunu dərk edənlər var. İndi müzakirə aparırlar ki, bəlkə mövqe və rolumuzu dəyişdirək?!
- Ermənistanda yeni Konstitusiyanın qəbulu da müzakirə olunur, bu ideya da Baş nazir Nikol Paşinyana məxsusdur. Sizcə, Paşinyanın bu ideyası onun sıx təmaslarda olduğu ABŞ və Fransada necə qarşılanacaq?
- Paşinyanın cəsarəti olsa, bunu təkbaşına edəcək, kimləsə məsləhətləşməyəcək. Paşinyan da anlayır, dərk edir ki, bütün ipləri kimlərinsə əlinə verməklə müstəqil hərəkət edə bilməz. Bu halda kimlərdənsə asılı olacaq. Paşinyan da asılı vəziyyətdə olmaq istəmir, çünki öz maraqları da var. Ermənistan uzun illərdir Rusiyadan asılı vəziyyətdədir, nəticəsi də göz qabağındadır. İndi başqasından asılı olsa, Paşinyan nə vaxtsa müstəqil siyasət aparmaq istəyəndə aciz qalacaq.
Qənaətimə görə, Paşinyan Konstitusiyanın dəyişdirilməsi məsələsində kənar oyunçuları çox da içəri salmamağa çalışacaq. Çünki bu halda özünə təhlükə yaradacaq.
- Rusiyalı analitiklər Ermənistanın Gürcüstanla imzaladığı strateji əməkdaşlıq haqda sazişlə əlaqəli maraqlı iddialar irəli sürürlər. Onların fikrincə, İrəvan bununla Azərbaycan-Türkiyə-Gürcüstan strateji tərəfdaşlığına qoşulmaq istəyir. Nə qədər məntiqli yanaşmadır?
- Məsələ başqadır. Gürcüstan regionda Avropa Birliyi və ya Qərbin əsas dayağıdır. Ermənistan da Avropa Birliyi istiqamətində addımlayır. İndi Ermənistanın Gürcüstanla strateji tərəfdaşlıq sazişi imzalaması daha çox Qərbin bölgədə dayaqlarının güclənməsinə gətirib çıxaracaq. Azərbaycan bu məsələdə yoxdur. Qərbin əsas məqsədi də, Gürcüstan və Ermənistandan sonra Azərbaycanı öz tərəfinə çəkməkdir.
Artıq Gürcüstan rəsmən Avropa Birliyi üzvlüyünə namizəddir, Brüssel ona belə bir status verib. Perspektivdə Avropa Birliyinin üzvü ola bilər. Ermənistan da bu arzuyla yaşayır, sadəcə dilə gətirmir. Ermənistan Avropaya inteqrasiyada Gürcüstanı özünə əsas tərəfdaş sayır.
- Paşinyanın Qərb, xüsusən də ABŞ tərəfindən Simonyan və ya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla əvəzlənəcəyi iddiası uzun müddətdir Ermənistan mediasının gündəmindədir. Proses bura qədər gələ bilərmi?
- Adətən belə iddialar kimlərisə üz-üzə gətirmək və ya nəbz yoxlamaq məqsədilə atılır. Ara-sıra Ermənistan mətbuatına iddia atılır ki, Ermənistan hakimiyyəti daxilində qarşıdurma var, Simonyanla Paşinyan arasında fikir ayrılığı yaşanır və sair. Hazırda Simonyanın ailə üzvləri ətrafında baş verən korrupsiya qalmaqalı da bu istiqamətə yönəldilir.
Mən deyə bilmərəm ki, Fransa və ya ABŞ-də Paşinyanı kimlərləsə əvəzləmək istəyirlər. Amma bundan danışırıqsa, Simonyan və Qriqoryanın reytinqinə baxmaq lazımdır. Reytinqləri o qədər də yüksək deyil. Bu üç sima arasında reytinqi yüksək olan, insanlara təsir göstərə bilən elə Paşinyandır. İndi onu kiminlə əvəzləyə bilərlər? Zatən, vəziyyətləri yaxşı deyil, hakim partiyanın reytinqi düşür. Belə bir durumda Paşinyanı əvəzləmək maraqlara uyğun olmazdı. Düşünmürəm ki, bu fərziyyələrin arxasında əsaslı baza var.
- Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın MDB-dən çıxmaq ehtimalından danışıb. Pankin buna ehtimal verməsə də, mövzusunun indiki məqamda gündəmə gəlməsinin özü maraqlıdır. Ermənistan Moldovadan sonra buna gedə bilərmi?
- Yəqin Ermənistana xəbərdarlıq edir ki, bax, Moldova çıxır, bizim buna münasibətimiz pisdir, bundan sonra Moldova ilə münasibətlər daha da gərginləşə bilər, siz də bundan nəticə çıxarın. Rusiya hələlik Moldova ilə bağlı adekvat tədbirlər görmür, çünki Moskvanın bu ölkədə kifayət qədər güclü dayaqları var. Eyni zamanda, Moldova ərazisində - Dnestryanı bölgədə Rusiya hərbi qüvvələri yerləşdirilib. Ona görə də, hələlik digər addımları atmırlar. Ermənistan da mesaj verirlər ki, sən də bu yolla getsən, sənə qarşı da lazımi addımları atacağıq. Rusiyanın Moldovada olduğu kimi, Ermənistanda da güclü dayaqları var.
- Ümumiyyətlə, son dönəmdə Rusiya MDB məsələsini gündəmdən düşürmür. Rusiya rəsmiləri tez-tez birliyin gələcəyi ilə bağlı açıqlamalar verirlər. Nə baş verir, MDB parçalanırmı? Moldovanın qərarı bir presedent yaradacaqmı?
- MDB onsuz da formal təşkilatdır, nüfuzlu qurum deyil. Bir çox hallarda rəmzi xarakter daşıyır. İndi Moldovanın çıxmaq qərarı və bəzi üzvlərin də passiv iştirakı zəif MDB-ni bir qədər də zəiflədir. Digər yandan, MDB məkanında yeni birliklər yaradılıb. Məsələn, KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı. Rusiya indi bu birlikləri gücləndirməyə çalışır. Qərbə meylli olan ölkələr də MDB-ni tərk etməyə çalışırlar. Bu birliyin heç bir önəmi qalmayıb. Düşünürəm ki, əhəmiyyəti getdikcə daha da azalacaq, dağılmasa da, aktuallığını tamamilə itirmiş bir təşkilat olacaq.