9 Fevral 21:40
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkinin əhəmiyyətini artıran məsələlərdən biri də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi idi. Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativi olmayan lider etdi. Seçki günü xalqımızın məntəqələrə axın edərək, səsvermədə yüksək fəallıq nümayiş etdirdiyinin şahidi olduq. Xalqımız onu 30 ilin natamamlıq kompleksindən xilas edən, milli mənliyini, qürurunu, özünəinam hissini özünə qaytaran, yüz illik saxtakarlığı tarixin qaranlığına atan Böyük Şəxsiyyətə, Qalib Liderə təşəkkürünü ifadə etdi. Bu, bir xalqın öz Liderinə vəfa borcunu ödəməsi idi. Bu, Azərbaycan xalqının İlham Əliyev şəxsiyyətinin 20 illik fəalliyyətinə verdiyi qiymət idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“Seçki günü ən unudulmaz hadisəsi heç şübhəsiz ki, cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi oldu. Prezident İlham Əliyev Xankəndidə səs verməklə yeni bir tarix yazdı. Bu seçkilərə qədər kimin ağlına gələ bilərdi ki, Xankəndi, Xocalı və Xocavənd azad olunacaq, orada Azərbaycan bayrağı dalğalanacaq, seçkilər keçiriləcək və Azərbaycan Prezidenti öz səsini Xankəndidə verəcək. Cənab İlham Əliyev məhz Xankəndidə səs verməklə, zəfərimizi həzm edə bilməyənlərə bir mesaj göndərmiş oldu. Bəli, biz ərazilərimizi işğalçılardan azad etməklə həmin ərazilərdə də demokratik dövlət quruluşunu bərpa etmiş olduq” – deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, prezident seçkilərinin keçirilməsi 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlamış tarixi mərhələnin məntiqi sonudur: “Azərbaycan məğlub ölkədən mütləq qalib ölkəyə çevrildiyini bütün dünyaya elan etdi. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə güclü Azərbaycan dövlətinin ölkənin ərazilərinə bundan sonra hər hansı müdaxiləyə imkan verməyəcəyi barədə qətiyyətli və hüquqi təmələ əsaslanan prinsipial mövqeyini ortaya qoymuş oldu. Və bu baxımdan, Azərbaycana qarşı düşmən mövqedə olan bütün beynəlxalq güclər öz siyasətlərini bu reallığın fonunda müəyyən etmək və Azərbaycanla münasibətlərində ciddi korrektələr etməyə məcburdurlar”.

Deputat seçkilərdən sonra bütün istiqamətlərdə, iqtisadi, siyasi, mədəni, hərbi sahədə ciddi reformaların davam etdiriləcəyini söyləyib: “Məqsəd dünyaya Azərbaycanın həqiqətən müstəqil xarici və daxili siyasət yürütdüyünü bir daha nümayiş etdirərək, onun da başında Azərbaycan vətəndaşının rifahını düşünən, bölgədə sülhün və sabitliyin bərqərar olması üçün əlindən gələni əsirgəməyən Liderin dayandığını sübut etməkdir”.

Tamam Cəfərovaya görə, hər birimiz çox böyük tarixi, şərəfli və qürurlu günlərin şahidi və iştirakçısıyıq: “Qarşıda Azərbaycanın sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış, qaçqın soydaşlarımızın Ermənistana öz doğma torpaqlarına qaytarılması kimi nəhəng vəzifələr durur və xalqımız belə taleyüklü məsələlərin həyata keçirilməsini yalnız cənab İlham Əliyevə, Qalib Liderə etibar edə bilərdi. Cənab İlham Əliyevin növbəti 7 il üçün prezident seçilməsi, öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün uğurlu başlanğıcdır. Bizi yeni nailiyyətlər və yeni qələbələr gözləyir. Cənab İlham Əliyevə qarşıdan gələn illərdə də möhkəm can sağlığı və Azərbaycan naminə göstərdiyi bütün fəaliyyətində yeni nailiyyətlər arzulayıram. Onun hər bir uğuru bütöv Azərbaycanın və bütün azərbaycanlıların uğurudur. Uğurlarımız davamlı və daimi olsun”.


Müəllif: Tapdıq Qurbanlı