30 Mart 14:10
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistanla hərbi pakt bağlamağa hazırlaşan ABŞ, Fransa, Avropa İttifaqı Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik fəaliyyətini açıq müstəviyə keçirməyə qərar verib. Heç bir şübhə yoxdur ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın birtərəfli dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması regionda sülhə və sabitliyə ciddi zərbədir.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev deyib.

O qeyd edib ki, Qərbin bu planı Cənubi Qafqazda yeni nüfuz bölgüsünü həyata keçirməyə və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa hesablanıb:

“Belə bir yalnış siyasət nəticəsində regionun yeni təlatümlarə və müharibələrə sürüklənməsi riski xeyli artacaq və bəlkə də, qaçılmaz olacaq. Bunu Avropa İttifaqının Ermənistandakı “missiyası”nın hərbiləşdirilməsi fonunda da açıq görürük. Hazırda ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Bu mənada aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən və barışdan dəm vuran Ermənistanın, o cümlədən ABŞ, Fransa, Avropa İttifaqının siyasi riyakarlığını, saxtakarlığını və əsl üzünü bir daha göstərir”.

Millət vəkili hesab edir ki, Qərbin bu kimi ikiüzlü və saxta hərəkətlərinə Azərbaycan çoxdan alışıb:

“Ölkəmizin bu cür birtərəfli, qərəzli və ikili yanaşmalara qarşı güclü immuniteti formalaşıb. Ona görə də, bu addımların heç biri Azərbaycan xalqının və onun liderinin iradəsini qıra bilməyəcək. Son 4 ildə olduğu kimi bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı qətiyyətlə alınacaq. Digər tərəfdən, Qərbin region ölkələri üçün yaxşı heç nə vəd etməyən bu planına İranın hələ də səssiz qalması təəccüb doğurur. İran dəfələrlə bəyan etmişdi ki, regiona kənar qüvvələrin müdaxiləsi onun “qırmızı xətti”dir. Necə ola bilər ki, ən kiçik məsələyə görə Azərbaycanı şantaj edən və hədə qorxu gələn İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılmasına görə rəsmi İrəvanı nəinki hədələmir, hətta qınamır? Ümid edək ki, bu suala yaxın günlərdə aydınlıq gətiriləcək”.

Azay Quliyev vurğulayıb ki, Azərbaycan Xarici İşlər nazirliyinin mövzu ilə bağlı verdiyi açıqlamada qeyd edildiyi kimi, şirnikləndirilən revanşist qüvvələrin bundan sonra Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlik istənilən hərəkətinə görə təkcə Ermənistan deyil, eyni zamanda, onu bu işə sürükləyən Aİ və ABŞ-də məsuliyyət daşımalı olacaq.


Müəllif: Tapdıq Qurbanlı