Azərbaycanla müharibədə məğlubiyyətin yaratdığı “soyuq duş” effekti, emosiyalar və qəzəb Ermənistanın dövlət siyasətini alt-üst elədi.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Maliyyə Universitetinin dosenti Vladimir Blinov deyib.
Ekspert Ermənistan-Türkiyə sərhədindəki Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı müzakirələrə diqqət çəkib:
“Rusiya həmişə Ermənistan dövlətinin qarantı olub. Türkiyə NATO-nun bir hissəsidir, Rusiyanın Ermənistanın sərhədlərini müdafiə etməsi o tərəfdən təzyiqin qarşısını almaq cəhdidir. Üstəlik, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşir, bu maneə aradan qaldırılarsa, o zaman Türkiyə Xəzər dənizi, daha sonra isə Turan dünyası və Qazaxıstana çıxış əldə edə bilər.
NATO-nun və öz ambisiyalarını gizlətməyən Turan dünyasının liderinin (Türkiyə) onun sərhədlərinə girməsi Rusiyanın maraqlarına uyğun deyil. Amma Ermənistanı onun iradəsinə qarşı qorumaq olduqca çətindir. Ermənistanın regionda bir ardıcıl müttəfiqi var, o da İrandır ki, Azərbaycanın güclənməsi onun üçün ölümə bərabərdir. Ola bilər ki, iranlı dostlarımız artıq Ermənistan rəhbərliyində allergiyaya səbəb olan Rusiya qüvvələrini əvəzləsinlər”.